Qəhrəman Əliyev: “MOİK-də döyüşkən kollektiv formalaşdırırıq”
08.07.2008 - 15:51
Qəhrəman Əliyev: “MOİK-də döyüşkən kollektiv formalaşdırırıq”
Bakı. Aqşin Əliyev - APA-Sport. “Mənə göstərilən etimada görə, MOİK rəhbərliyinə minnətdarlığımı bildirirəm. Yeni komandamın Premyer Liqada layiqincə, şərəflə çıxış edəcəyinə söz vermişəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Premyer Liqanın debütantı MOİK-in baş məşqçisi Qəhrəman Əliyev deyib. Ötən ay ordu klubuna baş məşqçi təyin olunan Q.Əliyev hərbçi-futbolçuların sabah Masallıda təlim-məşq toplanışına başlayacaqlarını vurğulayıb: “Fiziki baxımdan möhkəmlənmək üçün Masallının Ərkivan qəsəbəsində 10 günlük təlim-məşq toplanışı keçəcəyik. Hazırlıq prosesi çərçivəsində “Xəzər-Lənkəran-2” ilə yoxlama matçı oynayacağıq. Bundan sonra Premyer Liqaya hazırlığı Bakıda davam etdirəcəyik. Bu zaman optimal heyəti qurmağa, xətlərarası əlaqəni yaratmağa çalışacağıq. İkinci təlim-məşq toplanışında 3-4 yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılıb”. 49 yaşlı çalışdırıcı legioner limitinin ləğv olunmasına da münasibətin bildirib. O, MOİK-də əcnəbi futbolçuların forma geyinməyəcəyini söyləyib: “Legioner xidmətindən istifadə etməyəcəyik. Komanda üzvlərinə demişəm ki, əcnəbi və ya yerli futbolçu olmasına baxmayaraq, rəqib oyunçulardan qorxmasınlar. Necə deyərlər, onların da iki əli, iki ayağı var, bizimkilərin də. Biz MOİK-də döyüşkən kollektiv formalaşdırırıq”.
Qeyd edək ki, Q.Əliyev baş məşqçi postunda 23 yaşlı Ramil Əliyevi əvəzləyib. Hazırda MOİK-2-ni çalışdıran R.Əliyev komandasını avqustun 10-da start götürəcək əvəzedicilərin çempionatına hazırlaşdırır.
0