“Karvan” iki türkmənistanlı futbolçunu baxışa çağırıb
08.07.2008 - 16:24
“Karvan” iki türkmənistanlı futbolçunu baxışa çağırıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Yevlaxın “Karvan” klubu Türkmənistan milli komandasının qapıçısını baxışa dəvət edib. “APA-Sport” agentliyinin məlumatına görə, yevlaxlılar türkmənistanlı futbolçular Bayramdurdu Meredovla Bayramniyaz Berdıyevı baxışa çağırıb. Türkmənistan milli komandasında “Karvan”ın sabiq oyunçuları Nazar Bayramov, Məkan Nəsirov və Məmmədəli Karadanovla birgə çıxış edən 34 yaşlı B.Berdıyev 9 ildir yığmanın heyətinə cəlb olunur. 2010-cu il dünya çempionatının seçmə mərhələsində Türkmənistanın 10 matçının 9-da əvəzlənmədən meydanda olan qapıçı yalnız ilk mərhələsinin birinci oyununda iştirak etməyib. B.Berdıyev 4 il əvvəlki birinciliyin də seçmə oyunlarında çıxış edib. Dünya çempionatlarının seçmə mərhələlərində 13 oyun keçirib 18 qol buraxan qapıçı 1 sarı vərəqə ilə də cəzalanıb. Klub karyerasının böyük hissəsini vətənində keçirən qapıçı Qazaxıstan və Özbəkistan çempionatlarında da çıxış etmək imkanı qazanıb. Ölkəmizə “Aşqabad” klubundan gələn B.Berdıyev Qazaxıstanın “Yesil Boqatır” və “Ordabası”, Özbəkistanın “Qızılqum”, “Kuruvçi” komandalarında çıxış edib.
Son klubu XTTU olan B.Meredov milli komandada oynamasa da vətənində kifayət qədər təcrübəli müdafiəçilərdən sayılır. Qeyd edək ki, 28 yaşlı müdafiəçini baxışa dəvət edənədək “Karvan” daha iki arxa xətt oyunçusu, “Standard” klubunda Yunis Hüseynovun rəhbərliyi altında oynamış Ruslan Qafitullin və Anar Həsənovla birillik müqavilə bağlamışdı.
0