“İnter” klubunun rəqibi iştirak ərizəsinə daxil etməyə futbolçu tapmır
08.07.2008 - 17:51
“İnter” klubunun rəqibi iştirak ərizəsinə daxil etməyə futbolçu tapmır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Makedoniyanın “Rabotniçki” klubu Çempionlar Liqasının birinci təsnifat mərhələsində gənclərdən ibarət komandasının oyunçuları ilə iştirak etmək məcburiyyətində qalıb. “APA-Sport” agentliyinin məlumatına görə, Bakının “İnter” klubunun rəqibi olan skopyelilərin Makedoniya Futbol Federasiyasına müraciəti müsbət nəticə verməyib. “Vardar”a keçən 6 oyunçusunun geri qayıtması ilə bağlı xahiş edən “Rabotniçki” rəhbərliyi Çempionlar Liqasının iştirak ərizəsinə salmağı planlaşdırdığı Yorde Georgievski, Milan Perendiya, Duşan Saviç, Georgi Moysov, Vladimir Sekulovski və Dimçe Ristevskinin keçidinə nail ola bilməyib. Sifariş vərəqinə 25 futbolçunun adını daxil etməli olan skopyelilər 10-12 futbolçu ilə məşq edir. 17 futbolçusu “Vardar”a keçən “Rabotniçki” Rumıniyanın “Dinamo” klubu ilə danışıqları davam etdirir ki, bəlkə buxarestlilər onların oyunçu problemini həll etməkdə kömək etsin. Aleksandar Krstevski və Blaqoyçe Lyamçevski ilə müqavilələri federasiyada qeydiyyatdan keçirən Skopye təmsilçisi “Milano”nun sabiq oyunçusu Kemal Alomeroviçlə danışıqları yekunlaşdırmaq üzrədir. Yoxlama oyununda qol vurmağı da bacaran və komanda ilə müqavilə bağlayan konqolu Rok İtuanın sənədləri ilə bağlı problem afrikalı futbolçu ilə anlaşmanın rəsmiləşməsinə problem yaradıb.
0