Azərbaycan yığması Avstriyada keçirilən beynəlxalq turnirdə ardıcıl 3-cü qələbəsini qazanıb
09.07.2008 - 13:52
Azərbaycan yığması Avstriyada keçirilən beynəlxalq turnirdə ardıcıl 3-cü qələbəsini qazanıb
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası (U-17) Avstriyanın Vels şəhərində keçirilən “Yuxarı Avstriya kuboku” uğrunda yarış çərçivəsində bu gün üçüncü oyununa çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, almaniyalı Bernard Lippertin yetirmələri Rumıniyanın “Brasov” klubunu sınağa çəkiblər. Hərəsi 30 dəqiqəlik iki hissədən ibarət qarşılaşma yığmamızın qələbəsi ilə nəticələnib - 2:0. Futbolçularımızdan Elnur Abdulovla Tural İsgəndərov fərqlənib. U-17 öncə A. S. “Karlo”ya (İtaliya) 5:2, “Qrund”a (Macarıstan) isə 5:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, milli komandamızla eyni qrupda yer alan Albaniya “Kinostudio”su turnirə qatılmadığından reqlamentdə dəyişiklik olunub. İştirakçılar qrup mərhələsində deyil, bir dövrəli sistemə uyğun mübarizə aparırlar. Yeniyetmə futbolçularımız son oyunu iyulun 11-də “Adriatik Luşnya” (Albaniya) klubuna qarşı keçirəcəklər. Ertəsi gün Avstriyanı tərk edəcək U-17 bir həftəlik təlim-məşq toplanışı keçmək üçün Almaniyanın Münhen şəhərinə yollanacaq.
0