“Xəzər-Lənkəran”ın rəqibi iki oyuna 11 qol vurub
14.07.2008 - 11:48
“Xəzər-Lənkəran”ın rəqibi iki oyuna 11 qol vurub
Poznan. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran” klubunun UEFA kubokundakı rəqibi “Lex” komandasının aparıcı oyunçusu Rafal Muravski zədələnib. “APA-Sport” agentliyinin məlumatına görə, Polşa milli komandasının heyətində Avstriya və İsveçrədə keçirilən Avropa çempionatında iştirak edən futbolçunun birinci mərhələnin ilk oyununda meydana çıxması sual altına düşüb. “Xəzər-Lənkəran”la oyuna hazırlaşan “Lex” yoxlama oyunlarında növbəti iki qələbəsini qazanıb ki, bu matçların biri R.Muravski üçün uğursuz olub. Avstriya toplanışının son matçında yerli çempionatının aşağı dəstəsində çıxış edən “Askoe” klubu və Kuba millisi ilə görüşən poznanlılar iki matça 11 qol vurub. Bu görüşlərdə uyğun olaraq 7:0 və 4:1 hesabı ilə qələbələr qazanan “Lex”in kubalılarla oyunu komandanın yarımmüdafiəçisi üçün erkən bitib. Artıq 22-ci dəqiqədə zədələndiyi üçün əvəzlənən yarımmüdafiəçinin topuq nahiyəsindən aldığı xəsarətin Bakıya gəlməsinə imkan verib-verməyəcəyi müayinədən sonra məlum olacaq.
Qeyd edək ki, “Xəzər-Lənkəran” – “Lex” oyunu iyulun 17-də keçiriləcək.
0