“İnter” klubunun prezidenti Valentin Xodukinin səhvlərini göstərdi
16.07.2008 - 17:44
“İnter” klubunun prezidenti Valentin Xodukinin səhvlərini göstərdi
Bakı. Mehman Süleymanov - APA-Sport. “Rabotniçki” ilə ilk oyunu artıq unutmuşam. İşim o qədərdir ki, nəticəyə görə həyəcanlanmağa, narahat olmağa vaxtım yoxdur”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib. Komandasının avrokuboklarda debütünü uğurlu hesab etməyən G.Nikolov “İnter”in Avropa miqyaslı ilk oyununu 5 ballıq şkala üzrə 3,5 balla qiymətləndirib: “Oyun bir qapıya getdiyi halda, layiq olduğumuz qələbəni qazanmadıq. Müxtəlif amillər, qapıçı, müdafiəçilər, qapı tiri, bəxt rəqibin köməyinə çatdı. Bir sözlə, top qapıya girmədi ki, girmədi. Görünür, iyulun 15-i bizim günümüz deyilmiş”. Püşkdən sonra “Rabotniçki”ni yenməyə borclu olduqlarını deyən G.Nikolov tələskənliyə yol verdiyini söyləyib: “Makedoniyalılar böyük əzmkarlıq nümayiş etdirdiyini xüsusilə qeyd etməliyik. Bununla belə, onlar simulyasiyaya yol verərək, bilərəkdən vaxtı uzadırdılar. Açığı, həyatımda belə simulyantlar görməmişdim. “Rabotniçki” baxımlı oyuna tüpürüb, antifutbol nümayiş etdirdi”. G.Nikolov futbol mütəxəssisi olmasa da, “İnter”in oyununda çatışmazlıqları deməkdən çəkinməyib. Onun sözlərinə görə, komandasının baş məşqçisi Valentin Xodukinin də nöqsanları olub: “Əslində, Xodukin 90 faiz hər şeyi düz etdi. Ola bilsin ki, taktiki planda bəzi səhvlərə yol verdi. Hücumda oyunumuz, yarımmüdafiə ilə ön xətt arasında əlaqə istənilən səviyyədə deyildi. Böyük ümidlər bəslədiyim, matçın taleyini təkbaşına həll etməyə özündə cəsarət tapan Cavid Hüseynovu daha tez meydana buraxmaq olardı”.
0