“Xəzər-Lənkəran” və “Olimpik”dən uğursuz start
18.07.2008 - 10:09
“Xəzər-Lənkəran” və “Olimpik”dən uğursuz start
Avrokuboklarda debüt edən Premyer Liqanın gümüş mükafatçısı “Olimpik” Serbiyada “Voyvodina”ya yenilib. Meydan sahibləri komandamızın heyətində ən yaxşı sayılan Rauf Mehdiyevin qoruduğu qapıdan topu ikinci hissənin əvvəlində başla keçirib.
“Xəzər-Lənkəran” isə Tofiq Bəhramov adına Respublika stadionunda Polşa təmsilçisi “Lex”lə bacarmayıb. Azərbaycan və Polşa çempionatlarını 4-cü yerdə başa vuran komandaların görüşündə qonaqlar daha yaxşı təsir bağışlayıblar. Komandamızın qapıçısı, eyni zamanda kapitanı Dmitri Kramarenkonun inamlı oyunu, qapı dirəyi, Dieqo Qusmaonun topu boş qapıdan çıxarması polşalıların qol vurmaq istəyini uzun müddət puça çıxarıb. Nəhayət, “Lex” görüşün sonuna yaxın, ikinci hissədə meydana çıxan hücumçusu Robert Levandovskinin dəqiq zərbəsi sayəsində qələbə topunu vurub. Bununla da, avrokuboklarda hələ də qələbə üzünə həsrət qalan “Xəzər-Lənkəran”ın UEFA kubokunda ikinci mərhələyə yüksəlmək şansı xeyli azalıb. Komandamız iyulun 31-də Poznan şəhərində keçiriləcək cavab görüşündə ən azı iki top fərqi ilə qələbə qazanmalıdır. “Olimpik” isə bu vəzifəni həmin gün Respublika stadionunda “Voyvodina” ilə cavab görüşündə reallaşdırmalıdır.

UEFA kubokunun birinci təsnifat mərhələsi, ilk oyunlar

17 iyul
“Xəzər-Lənkəran” (Azərbaycan) – “Lex” (Polşa) – 0:1

Robert Levandovski, 76

“Voyvodina” (Serbiya) – “Olimpik” (Azərbaycan) – 1:0
İqor Djuriç, 59
0