Bartoş Bosatski “Xəzər-Lənkəran”la oyundan sonra Karlos Alberto Torresdən danışdı
18.07.2008 - 12:10
Bartoş Bosatski “Xəzər-Lənkəran”la oyundan sonra Karlos Alberto Torresdən danışdı
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakıda üstünlük qazanacağımızı bilirdik. Növbəti mərhələyə çıxmaq istəyiriksə, hər şeyə hazır olmalıyıq. Hətta rəqibin malik olduğu güclü azarkeş dəstəyindən də çəkinməməliyik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran”ı UEFA kubokunun birinci mərhələsində məğlub edən Polşanın “Lex” klubunun müdafiəçisi Bartoş Bosatski deyib. Bakıda layiqli qələbə qazandıqlarını bildirən polşalı futbolçu üç il əvvəl Azərbaycana səfərini də xatırlayıb: “Bu stadionda ikinci oyunum idi. Arenanın Azərbaycanın məşhur hakimi Tofiq Bəhramovun adını daşımasını xatırlayıram. 2005-ci ilin iyununda Polşa yığmasının heyətində Bakıya gəlmişdim. Azərbaycanı Respublika stadionunda böyük hesabla məğlub etmişdik. 3:0 hesabı ilə başa çatan həmin görüşdə elə də çox azarkeş yox idi. Bununla belə, stadionda çılğın atmosfer hökm sürürdü. Həmin oyun daha çox Azərbaycan yığmasının baş məşqçisinin hərəkəti ilə əlamətdar oldu. Belə ki, braziliyalı mütəxəssis hakimlə mübahisə etdiyi üçün qovuldu. Bundan sonra meydanın ortası ilə gedən Azərbaycan yığmasının çalışdırıcısı baş hakimə minnətdarlığını bildirdi və stadionu tərk etdi”.
Qeyd edək ki, həmin vaxt Azərbaycan milli komandasının baş məşqçisi olan Karlos Alberto Torresin hakimə qarşı çılğın hərəkəti ona baha başa gəldi. İyulun 17-də 64 yaşı tamam olan braziliyalı dünya çempionu polşalılarla görüşdən sonra həm AFFA ilə əməkdaşlığı itirdi, həm də UEFA-nın cəzasına məruz qaldı.
0