“Xəzər-Lənkəran” Zaqreb “Dinamo”sunun nəticəsini təkrarlamalıdır
18.07.2008 - 13:23
“Xəzər-Lənkəran” Zaqreb “Dinamo”sunun nəticəsini təkrarlamalıdır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran” klubu ötən mövsüm Çempionlar Liqasında məğlub olduğu Zaqreb “Dinamo”sunun nəticəsini təkrarlamalıdır. “APA-Sport” agentliyinin məlumatına görə, UEFA kubokunun birinci təsnifat mərhələsində Polşanın “Lex” klubuna 0:1 hesabı ilə uduzan lənkəranlılar növbəti mərhələyə çıxmaq şanslarını saxlayır. UEFA kubokunun tarixinə nəzər salsaq, təkcə ötən mövsüm 3 komanda evdə minimal hesabla məğlub olsa da, rəqib meydanında bunun əvəzini çıxıb. Ümumiyyətlə, 2007/08 mövsümünün 12 cütündə ilk oyun qonaqların minimal hesablı qələbəsi ilə nəticələnib. Bunların 3-də, yəni 25 faizində qalib komanda cavab qarşılaşmasında ilk oyundakı üstünlüyü əldən verib. Hollandiyanın məşhur “Ayaks” klubuna Zaqrebdəki məğlubiyyətin əvəzini səfərdəki qələbə ilə (3:2) çıxan Xorvatiya “Dinamo”su, həmçinin müvafiq olaraq “Palermo” (İtaliya) ilə “Brügge”yə (Belçika) evdə 0:1 hesabı ilə uduzan “Malada Boleslav” (Çexiya) və “Brann” (Norveç) rəqib meydanında daha yaxşı çıxış edib. Çexiyalılar penalti seriyasında, skandinaviyalılar isə 2:1 hesabı ilə qalib gəlib.
0