Ağasəlim Mircavadov: “Deyəndə ki, “Lex” güclü komandadır, heç kim mənə inanmırdı”
18.07.2008 - 14:03
Ağasəlim Mircavadov: “Deyəndə ki, “Lex” güclü komandadır, heç kim mənə inanmırdı”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. Onun sözlərinə görə, UEFA kubokunun birinci təsnifat mərhələsində Polşanın “Lex” klubu Bakıda göstərdiyi oyunla layiqli qələbə qazanıb: “Polşa yığması dünya və Avropa çempionlarının final mərhələlərində iştirak edir. Klubları avrokuboklarda böyük uğurlar qazanmasa da, güclüdürlər. Daim mərhələ adlayan Polşa klublarının heyətində səviyyəli futbolçular olur. Hələ “Lex”in əsas oyun qurucusu, Avro-2008-də çıxış edən Rafal Muravski zədələndiyindən çıxış etmirdi. “Lex”in yarımmüdafiə xətti ötən il Çempionlar Liqasında görüşdüyümüz Zaqrebin “Dinamo” klubundan da güclüdür”. A.Mircavadov komandasının öz oyununu göstərə bilməməyinə belə izah verib: “Bəzi futbolçularımız meydanda süst idi. Müdafiə xəttində çoxlu səhvlərə yol verdik ki, rəqib də bu boşluqlardan yararlanırdı. Litvalı Audrius Veykitusun gəlişindən sonra müdafiə xəttimiz yenidən qurulur, uyğunlaşma problemi var. Bir-iki səhvi nəzərə almasaq, Veykitusdan razı qaldım. Ucaboylu litvalı mərkəz müdafiəçisi mübarizlik nümayiş etdirdi”. Növbəti mərhələyə yüksələcəkləri ilə bağlı nikbinliyini saxlayan “Xəzər-Lənkəran”ın çalışdırıcısı cavab görüşündə uğurlu çıxış edəcəklərinə inanır: “Cavab oyununa ciddi hazırlaşıb, qalib gəlmək lazımdır. Ötən il də öz meydanımızda top buraxsaq da, səfərdə qol vura bildik. Düzdür, həmin qolun müəllifi olan Junior Osvaldonun Polşada meydana çıxa biləcəyinə inanmıram. “Lex”ə qarşı oynamayan braziliyalı yarımmüdafiəçini həkimlərimiz iynə vurmaqla sağaltmağa çalışırlar. Əsas problemimiz odur ki, hazırlıq prosesində eyni heyətlə oynamırıq. Təlim-məşq toplanışında nə qədər legioner yoxlamaq olar? 1-2 nəfər olsa nə var? Daha 10-12 oyunçu yoxlamaq olmaz”.
Görüləsi çox işlərin olduğunu deyən A.Mircavadov səhvlərə də toxunub: “Polşalılarla oyun öncəsi dörd transfer etsək də, cəmi birini sifariş edə bildik. Halbuki, digər üç hücumameylli legionerə böyük ehtiyacımız vardı. UEFA dəyişiklik edibsə, əsasnaməni açıb oxumaq lazımdır. Görünür, öyrənmək istəmirik. Səhlənkarlıq edirik və sonda bunun əziyyətini çəkirik”.
0