“Neftçi” Almaniya çempionu “Ştutqart”la qarşılaşa bilər
18.07.2008 - 16:52
“Neftçi” Almaniya çempionu “Ştutqart”la qarşılaşa bilər
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubu Almaniyanın sabiq çempionu ilə görüşə bilər. “APA-Sport” agentliyinin məlumatına görə, ötən il Bundesliqanın qalibi olan “Ştutqart” klubu flaqmanın potensial rəqiblərindəndir. İntertoto kubokunun 3-cü mərhələsində Rumıniya “Vaslui”si ilə qarşılaşacaq “Neftçi” bu səddi aşmaqla, həm turnirin 11 qalibindən biri olacaq, həm də UEFA kubokunun ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq. Bu mərhələdə “Vaslui” – “Neftçi” cütünün qalibi ilə qarşılaşacaq 9 komandadan bir məhz Ştutqartın eyni adlı təmsilçisidir. UEFA kubokunun ikinci mərhələsində 64 komanda çıxış edəcək ki, onların 18-i Azərbaycan klublarının da yer aldığı Mərkəz-Şərq zonasında qərarlaşıb. Bakılıların potensial rəqibləri sırasında Ukraynanın “Dnepr”, Rusiyanın “Moskva”, Çexiyanın “Liberets”, İsveçrənin “Sürix” klubları var. Digər 5 potensial rəqib isə “Tavriya” (Ukrayna) – “Renn” (Fransa), “Austriya” (Zalsburq, Almaniya) – “Banants” (Ermənistan), “Saturn” (Rusiya) – “Ştutqart” (Almaniya), “Austriya” (Vyana, Avstriya) – “Tobol” (Qazaxıstan), “Debretsen” (Macarıstan) – “Şaxtyor” (Qazaxıstan) cütlərində müəyyənləşəcək. Əgər Qazaxıstan komandalarından hər hansı biri mərhələ adlasa, potensial rəqiblərin siyahısında onu digər komanda əvəzləyəcək.
0