Kim güclüdür: Azərbaycan, yoxsa Rumıniya klubları?
18.07.2008 - 17:28
Kim güclüdür: Azərbaycan, yoxsa Rumıniya klubları?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan və Rumıniya klubları indiyədək 22 dəfə qarşılaşıb. “APA-Sport” agentliyinin məlumatına görə, sabah İntertoto kubokunun üçüncü mərhələsində Bakının “Neftçi” və Rumıniyanın “Vaslui” komandaları arasında keçiriləcək görüş iki ölkə təmsilçiləri arasında 23-cü matç olacaq. Avrokuboklara təsadüf edən hər iki qarşılaşmada “Arceş” Azərbaycanı təmsil edən “Dinamo”nu məğlub edib – 5:1, 2:0. Bundan başqa, rumıniyalılarla daha 20 dəfə qarşılaşmışıq. Təlim-məşq toplanışları çərçivəsində baş tutan bu matçlarda komandalarımız 5 dəfə qalib gəlib, 6 dəfə heç-heçə edib və 9 dəfə məğlub olub. İlk qələbəni iki il yarım əvvəl “Universtatya”nı 1:0 hesabı ilə məğlub edən “İnter” qazanıb. Digər 4 qələbə 2008-ci ilə təsadüf edib. Bu il rumıniyalılara qarşı keçirdiyimiz 8 yoldaşlıq matçının 4-də “Neftçi”nin, 2-də “Vaslui”nin həmyerliləri qalib gəlib. Maraqlıdır ki, bu qələbələr də minimal hesablı olub. “Neftçi” və “Gənclərbirliyi” “Nasyonal”, “Bakı”yla “Qarabağ” isə Rumıniyanın “Daçiya” klubunu 1:0 hesabı ilə üstələyib. Rumıniyalılarla son görüşdə qalib gələn flaqmanın həmin qolunu Branimir Subaşiç vurub. Bu qələbəyədək isə “Neftçi” daha 5 dəfə bu ölkə komandaları ilə qarşılaşıb: 2007-ci ilin yanvarında “Otselul” (3:4) və “Nasional” (2:3), bir il əvvəl “Panduri” (0:3), “Vaslui” (2:3), “Farul”a (0:1) məğlub olub.
0