Balıq başdan iylənər
18.07.2008 - 17:54
Balıq başdan iylənər
...Bir az əvvələ qayıdıb, Mübariz Mənsimovun “Xəzər-Lənkəran”ın stadionu haqqında dahiyanə planlarını xatırlatmaq istəyirəm. Kişi 3 il öncə demişdi ki, Lənkəran şəhər stadionunu bağlayıb, yerində eşşək ferması yaradacağam. Hələ indiyədək başa düşə bilmirəm ki, Mənsimov bu planını niyə həyata keçirmədi? Azərbaycan futbolçusunun, daha doğrusu “Xəzər-Lənkəran” oyunçularının layiq olmadığı stadionu uzunqulaqlara etibar etməkdən yaxşı variant var ki?

* * *

Harınlamış futbolçu heç vaxt futbol oynaya bilməz. Bunu Polşanın “Lex” klubu qarşısında özlərini itirən “Xəzər-Lənkəran”lılar əyani sübuta yetirdilər. Pul Azərbaycan futbolçusunun gözünü tutub. Mənsimov hansı məqsədlə “Lex” üzərində qələbə üçün 500 min ABŞ dolları mükafat ayırmışdı? Məgər futbolçularımızı korlayan pul olmayıb? “Xəzər-Lənkəran”ın futbolçusu nəinki 500 min dollara, heç 5 qəpiyə də layiq deyil. Pulu kimin yolunda xərcləyəsən? Driblinq işlədəndə ayaqları bir-birinə dolaşan və öz-özünü aldadan, futbolçu fizionomiyasına malik olmayan Mahir Şükürova? Yoxsa aşağı yaşlılardan ibarət yığmamızda yarıtmayan və əbədigənc Romal Hüseynovun davamçısı Rahid Əmirquliyevə? Guya meydançada ayaqlarını sürüdən Zaur Ramazanov, gücü hakimlərin üstünə qışqırmağa və çəp zərbələr vurmağa çatan Rəşad Abdullayev bir qara qəpiyə layiqdir?

* * *

Məmləkətimizin adlı-sanlı məşqçisi, “Pul harada, Mircavadov və çempionluq orada” şüarının yaradıcısı, “Şöhrət” ordenli Ağasəlim Mircavadov. Ona bir kəlmə sözüm var: yuxun şirin olsun, Ağasəlim müəllim! “Xəzər-Lənkəran”lılar hələ oyundan bir neçə gün əvvəl yuxuya getmişdilər. Onlar yeni transferləri sifariş etməyi yaddan çıxarmışdılar. Bu, həvəskar klubların rast gəlinən adi hadisələrdəndir. Bəs “Lex”lə görüşün 77-ci dəqiqəsinədək nəyə görə əvəzləmə olunmadı? Hətta sıravi azarkeş də hiss edirdi ki, ikinci hissənin ortalarında “Xəzər-Lənkəran”ın heyətində “yeni nəfəs”ə ehtiyac var. Qapımızdan qol buraxan kimi əl-ayağa düşmək Mircavadovun özünə qaldı. “Daldan atılan daş topuğa dəyər”. Ağasəlim müəllim, təqaüdə çıxın, heç olmasa ağ saçlarınıza hörmət edin, sizin indi tribunalarda söyülən vaxtınız deyil. O vaxtınız çoxdan keçib.

* * *

Bu ilin əvvəllərində AFFA-da keçirilən tədbirdə o vaxt qurumun prezidenti səlahiyyətlərini yerinə yetirən Elşad Nəsirovun sözləri gülünc doğurmuşdu: “Axır vaxtlar uğurlarımız o qədər çoxalıb ki, futbolçuları mükafatlandırmağa da macal tapmırıq”. Şübhəsiz ki, bu qeyri-səmimi sözlərə Nəsirovun özündən başqa heç kim inanmırdı. Futbolumuzun başında duran Nəsirov və onun həmkarları xırda bir uğuru elə şişirdirlər ki, sanki dünya çempionu olmuşuq. Ona görə də Allah dəvəyə qanad vermir.

* * *

Yadıma “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” uğrunda yarışda “Xəzər-Lənkəran”ın qələbəsindən sonra yaşananlar düşür. Bu yarışın finalı ərəfəsində Bakıdan Moskvaya filan qədər vəzifəli şəxs getdiyindən əks marşrut zamanı kubokun Moskvadan Bakıya gələcəyini proqnozlaşdırmaq çətin deyildi. Çünki bizimkilər meydançadan kənarda daha yaxşı oynayırlar. Belə qələbələr zamanı futbolçuların buraxdıqları bir səhvi qeyd etməyə bilmirəm. Onlar bu nöqsana Mircavadovu atıb-tutarkən yol verirlər. Mircavadovu atmaq lazımdır, amma tutmağa qəti ehtiyac yoxdur!

* * *

Heç bir qürurlu futbolçu və məşqçi azarkeşinin qəlbini sındırmır, onun sevgisinin qarşılığını verməmiş rahatlıq tapmır. Bizimkilərdə isə belə ülvi hisslər yoxdur. Tofiq Bəhramov adına Respublika stadionuna toplaşan 30 min və ekranlar başında əyləşən yüz minlərlə azarkeşi peşman etmək bizim futbolçuyabənzərlər üçün su içimi kimi bir şeydir. O ki qaldı Mübariz Mənsimova, o heç də qanadsız mələk deyil. Azərbaycan futbolçusunu harınlaşdıranlardan birincisi Mübariz Mənsimov, bunun əziyyətini çəkənlər isə bizik.


0