“Neftçi” - “Vaslui” görüşünün baş hakimi cərimələnib
18.07.2008 - 18:08
“Neftçi” - “Vaslui” görüşünün baş hakimi cərimələnib
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” və Rumıniyanın “Vaslui” klubu arasında sabah Respublika stadionunda keçiriləcək oyunu idarə edəcək İqor Yeqorov ötən mövsüm Rusiyanın ən yaxşı hakimi seçilib. “APA-Sport” agentliyinin məlumatına görə, əslən Nijni-Novqorod şəhərindən olan 40 yaşlı rusiyalı FİFA hakimi vaxtilə qalmaqalla üzləşib. Rusiya Futbol İttifaqının Hakim-Ekspert Komissiyası onu “Moskva” – “Krılya Sovetov” matçında idarəçiliyini qeyri-kafi qiymətləndirərək, diskvalifikasiya edib. Bunu haqsız hesab edən İ.Yeqorov verdiyi qalmaqallı müsahibədə onu cəzalandıran qurumu rüşvətxorluqda suçlayıb. O, bu qeyri-etik ifadələrinə görə dərhal 30 min məbləğində cərimələnib. Bundan sonra Rusiya Premyer-Liqasında hakimlik etməkdən imtina edən İ.Yeqorov ölkə futbolundakı mənfi xüsusiyyətlər haqda kitab yazacağına söz verib.
Qeyd edək ki, “Neftçi” – “Vaslui” oyununun baş hakimi 2003-cü ildən FİFA referisi statusunu daşısa da, beynəlxalq miqyasda az oyun idarə edib. İ.Yeqorov son iki mövsümdə Rusiya Premyer Liqasında idarə etdiyi 28 görüşdə 168 sarı, 6 qırmızı vərəqə göstərib.
0