Azərbaycan Peşəkar Futbol Liqası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib
19.07.2008 - 11:38
Azərbaycan Peşəkar Futbol Liqası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan Peşəkar Futbol Liqası (APFL) Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Bu haqda “APA-Sport” agentliyinə qurumun prezidenti Ramin Musayev məlumat verib. Azərbaycan çempionatının təşkilatçılığı ilə bütün məsələlərə cavabdehlik daşıyacaq APFL yeni yaradıldığından struktur tam formalaşmayıb. Belə ki, burada prezident postundan başqa digər vəzifələr vakantdır. APFL-də baş direktor, Yarışların Təşkili və Keçirilməsi Departamentinin sədri, maliyyə şöbəsinin müdiri, təhlükəsizlik xidmətinin rəisi və digər vəzifələr var. R.Musayev bildirib ki, rəsmən təsdiqlənməsə də, Məlik Həsənovun Yarışların Təşkili və Keçirilməsi Departamentinə rəhbərlik edəcəyi dəqiqdir. AFFA-nın inzibati binasının ikinci mərtəbəsi bütövlükdə qurumun balansına keçəcək.
Qeyd edək ki, bu il iyunun 13-də APFL-ə prezident seçilən R.Musayev bu vəzifədə 4 il fəaliyyət göstərmək hüququna malikdir.
0