“Neftçi” UEFA kubokuna yüksəlmək şansını artırıb
21.07.2008 - 10:24
“Neftçi” UEFA kubokuna yüksəlmək şansını artırıb
Mərkəzi arenanı dolduran azarkeşlər dördqat ölkə çempionunun avrokuboklarda öz meydanında ardıcıl 6-cı qələbəsinin şahidi olub. Gözlənildiyi kimi, oyuna hücumlarla başlayan “Neftçi” hesabı ilk yarının ortalarında açıb. Ukraynalı yarımmüdafiəçi Oleq Gerasimyuk 27-ci dəqiqədə dəqiq zərbə ilə topu uzaq doqquzluğa göndərib. Bu, bir ay öncə Kiyevin “Dinamo” klubundan icarəyə götürülən 22 yaşlı futbolçunun flaqmanın heyətində vurduğu ilk qol olub. Ancaq azarkeşlərimizin sevinci uzun çəkməyib. Rumınlara hesabı bərabərləşdirmək üçün cəmi iki dəqiqə kifayət edib. Mövsümlərarası fasilədə “Vaslui”yə gələn bolqarıstanlı yarımmüdafiəçi Stanislav Gençev də uzaq məsafədən dəqiq zərbə ilə topu uzaq doqquzluğa göndərib. Maraqlıdır ki, bu, “Vaslui”nin qapımıza doğru ilk zərbəsi olub və S.Gençev “Neftçi”nin serbiyalı qapıçısı Vladimir Miçoviçin bir qədər irəli çıxmasından maksimum yararlanıb. Bununla da flaqman İntertotoda öz meydanında ilk dəfə qol buraxıb. İkinci hissənin ortalarında rəqibin hücumçusu Lusian Burduyanın zərbəsindən sonra qapı dirəyi komandamızı qoldan xilas edib. Bundan az sonra rumınlar çətin vəziyyətə düşüb. Matçı idarə edən rusiyalı hakim İqor Yeqorov 69-cu dəqiqədə “Vaslui”nin müdafiəçisi Silviu Balaseyə ikinci sarı vərəqə göstərərək, onu meydandan qovub. Bundan sonra Zaur Tağızadə ilə Georgi Çelidzeni oyuna buraxmaqla hücum xəttini gücləndirən “Neftçi”nin ukraynalı baş məşqçisi Anatoli Demyanenkonun taktiki gedişləri öz bəhrəsini verib. 84-cü dəqiqədə Rəşad Sadiqov dəqiq zərbə ilə topu qapının uzaq küncünə göndərməklə, matçda son nöqtəni qoyub. 25 yaşlı yarımmüdafiəçi İntertotoda vurduğu qolların sayını ikiyə çatdırmaqla, komandasının ən sərrast oyunçusu olub. Bu qələbə ilə “Neftçi” UEFA kubokuna bir qədər yaxınlaşıb. Flaqmana İntertotonun qaliblərindən biri olması üçün “Vaslui” ilə iyulun 26-da səfərdə keçiriləcək cavab görüşündə heç-heçə etmək də kifayət edəcək.
0