Yəmən futbol yığması Azərbaycanla qarşılaşmaqdan imtina edib
21.07.2008 - 12:18
Yəmən futbol yığması Azərbaycanla qarşılaşmaqdan imtina edib
Bakı. Aqşin Əliyev - APA-Sport. Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı keçən Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının (U-19) Yəmənlə bu günə nəzərdə tutulan yoldaşlıq görüşü baş tutmayacaq. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovun sözlərinə görə, yəmənlilər yoldaşlıq matçından imtina ediblər. Ərəbistan yarımadası təmsilçiləri İstanbula gec gəldiklərini əsas gətirərək, oyuna çıxmayıblar. U-19 bu gün Yəmən yığmasının əvəzinə yerli “Cankurtaran” klubunun əsas heyətini sınağa çəkəcək. Yaşar Vahabzadənin yetirmələri məhz bu komandanın bazasında məşq keçirlər. Yeniyetmə futbolçularımız iyulun 23-də “Fənərbaxça”lı həmyaşıdları ilə yoldaşlıq görüşündə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, İstanbuldakı təlim-məşq toplanışı çərçivəsində U-19-un “Qalatasaray”la yoxlama matçı heç-heçə nəticələnib (1:1).
0