Azərbaycan yığmasının futbolçusu “Lokomotiv” klubuna keçir
21.07.2008 - 14:44
Azərbaycan yığmasının futbolçusu “Lokomotiv” klubuna keçir
Minsk. Mehman Süleymanov - APA-Sport. Azərbaycan olimpiya yığmasının üzvü Elmar Xeyirov klubunu dəyişir. “APA-Sport” agentliyinin məlumatına görə, 21 yaşlı hücumameylli yarımmüdafiəçi cari mövsümdə şərəfini qoruduğu Belarusun “MTZ-RİPO” klubunda çıxışını davam etdirmək istəmir. Buna səbəb futbolçunun oyun praktikası sarıdan korluq çəkməsidir. E.Xeyirov beş illik müqavilə bağladığı klubun əvəzedicilərdən ibarət komandasında mütəmadi oynamaqla kifayətlənməli olur. E.Xeyirovu daha çox ehtiyatda saxlayan “MTZ-RİPO”nun baş məşqçisi Yuri Puntus onun adını UEFA kubokunda Slovakiyanın “Jilina” ilə görüşdə (2:2) heç protokola da daxil etməyib. Həmyerlimiz oyun praktikası qazanmaq üçün başqa kluba icarəyə verilməsi təşəbbüsü ilə çıxış edib. E.Xeyirov çıxışını Minskin digər təmsilçisi “Lokomotiv”də davam etdirmək fikrindədir. Futbolçunun hazırkı klubu mövsümün ilk yarısını 2-ci, gələcək komandası isə 15-ci yerdə başa vurub. Belarus çempionatının yüksək liqasında 16 komanda çıxış edir.
Qeyd edək ki, ilk dövrədə “MTZ-RİPO”nun heyətində cəmi bir oyun keçirən E.Xeyirov 9 dəqiqə meydanda olub.
0