“Gənclərbirliyi” klubu fəaliyyətini dayandırdı
21.07.2008 - 16:59
“Gənclərbirliyi” klubu fəaliyyətini dayandırdı
Beş il öncə yaratdığı komandanın dağılması reallığı ilə mövsüm bitəndən sonra barışan İ.Nuriyev artıq bu məsələnin rəsmiləşdiyini söyləyib: “Futbolçularımızın azad agent statusuna malik olan sənədə qol çəkdim. Onlar artıq sərbəstdirlər və istənilən kluba keçə bilərlər. Ötən mövsümün yekununa əsasən düşdüyümüz birinci divizionda mübarizə aparmayacağımız yüz faizidir. Lap elə sponsor tapılıb, yenidən Premyer Liqada oynamaq imkanı yaranarsa, bundan imtina edəcəyik”. İ.Nuriyevin sözlərinə görə, klub fəaliyyət göstərdiyi müddətdə öz sözünü deyə bilib: “Fikrimcə, Azərbaycan futbolunda özünəməxsus iz buraxdıq. İlk olaraq xaricə, Türkiyəyə hazırlığa yollandıq və sonradan klublar ölkə kənarında təlim-məşq toplanışı keçdilər. Xaricə ilk futbolçunu da “Gənclərbirliyi” satdı, Mahir Şükürov Türkiyənin “Antalyaspor” klubuna keçdi. Səviyyəli legionerləri ilk olaraq biz gətirdik, İssa Nikiema, Pathe Banqura belə oyunçulardan idi. Hazırda bir sıra klubların şərəfini qoruyan futbolçular arasında yetirmələrimiz kifayət qədərdir. Klubu yaratdığıma görə peşman deyiləm. Sadəcə, komandamızın perspektivi olmadı”.
Qeyd edək ki, birinci dəstədə debüt mövsümündə (2003/04) güclülər dəstəsinə vəsiqə qazanan “Gənclərbirliyi” 4 ildə 110 oyun keçirib.
0