Georgi Nikolov: “Bizimlə maraqlanan yoxdur”
21.07.2008 - 17:37
Georgi Nikolov: “Bizimlə maraqlanan yoxdur”
Skopye. Mehman Süleymanov - APA-Sport. “Makedoniya mətbuatından bizimlə maraqlanan yoxdur. Hər halda, burada bizimlə qarşıdakı oyunla bağlı ünsiyyət quran olmayıb”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında hazırda Makedoniyanın paytaxtı Skopyedə olan Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib. Sabah Çempionlar Liqasının ilkin təsnifat mərhələsində yerli “Rabotniçki” ilə cavab matçına çıxacaq “İnter” rəhbərinin sözlərinə görə, komandasının uğur qazanacağına inanır: “Hesab edirəm ki, növbəti mərhələyə yüksəlmək şansımız realdır. Biz hətta məhsuldar heç-heçə sayəsində bu vəzifəni yerinə yetirmiş olacağıq. Komandamız oyuna yaxşı köklənib və düşərgədə yüksək əhval-ruhiyyə hökm sürür. Həkimlər ən sərrast futbolçumuz olan Xaqani Məmmədovun sabah oynaması üçün əlindən gələni əsirgəmir. Axşam məşqində futbolçularla bir daha söhbətimiz olacaq və onların motivasiyasını daha da artırmağa çalışacağıq. Azərbaycan futbolsevərlərini Skopyedən mərhələ adlamaqla bağlı xoş xəbərlə sevindirmək istəyirik”.
“İnter”in ukraynalı baş məşqçisi Valentin Xodukin də sabahkı oyunla bağlı nikbindir: “Rabotniçki” ilə cavab görüşünün məsuliyyətini başa düşürük. Qarşımızda duran vəzifə ÇL-nin ikinci mərhələsinə yüksəlməkdir və bunu reallaşdırmağa çalışacağıq. İstəyimizə çatmaq üçün sonadək mübarizə aparacağıq. Bakıya üzüağ dönməyə çalışacağıq”.
0