Rasim Kara yenidən “Xəzər-Lənkəran” klubunun baş məşqçisi oldu
04.08.2008 - 09:43
Rasim Kara yenidən “Xəzər-Lənkəran” klubunun baş məşqçisi oldu
Məşqçilik fəaliyyətini “Xəzər-Lənkəran”da davam etdirməyə üstünlük verən türkiyəli çalışdırıcı kluba mükafat qazandıran ilk məşqçi olub. Belə ki, “Xəzər-Lənkəran” milli çempionatımızda debüt mövsümündə (2004/05) onun rəhbərliyi altında gümüş medal qazanaraq, UEFA kubokuna vəsiqə qazanıb. Maraqlıdır ki, R.Karanı həmin vaxt “qızıl oyun”da çempionluqdan Lənkəran klubunda əvəzlədiyi Ağasəlim Mircavadov məhrum edib. UEFA kubokunda Moldovanın “Nistru” klubuna hər iki oyunda (1:3 və 1:2) uduzan türkiyəli mütəxəssis bundan iki ay sonra “Xəzər-Lənkəran”la yollarını ayırdı. Belə ki, 2005-ci ilin sentyabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda “İnter”ə məğlubiyyət (0:2) R.Karanın istefası ilə nəticələnib. Bundan sonra “Xəzər-Lənkəran”da klub funksioneri kimi çalışan türkiyəli bir illik fasilədən sonra ölkəmizə “Qarabağ”ın baş məşqçisi kimi gəlmişdi. R.Karaya Lənkəranda “Qarabağ”da köməkçiləri olan Tayfun Gürsəl, Çətin Aykut və az öncə dəvət etdiyi Sərhat Qalimane yardımçı olub. O, A.Mircavadovun köməkçilərindən yalnız Hafiz Əliyevi saxlayıb.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın baş məşqçi postunda 2004-cü ildə İmişlidə “MKT-Araz” klubu ilə görüşdə (0:0) debüt edən R.Kara qayıdışı ilk turda avqustun 9-da “Karvan”la səfər matçında reallaşacaq. Avqustun 16-da İstanbulda “İsmət İnönü” stadionunda Oktay Dərəlioğlunun vida matçında isə R.Kara uzun illər çalışdırdığı, çempionluq qazandırdığı “Beşiktaş”la görüşəcək.
0