Rasim Kara: “Mənsimovun təklifinə “yox” deyə bilməzdim”
04.08.2008 - 10:19
Rasim Kara: “Mənsimovun təklifinə “yox” deyə bilməzdim”
Lənkəran. Mehman Süleymanov - APA-Sport. “Qarabağ”dan ayrılmağım yalnız kənardan gözlənilməz görünə bilər. Klubla anlaşanda bəzi şərtlər kəsilmişdi və məqsədimiz gələcəyin komandasını qurmaq idi. Buna baxmayaraq, iki ilə yaxın müddət ərzində uşaq futbolunun inkişafı üçün lazımi işlər görülmədi, infrastrukturun yaxşılaşdırılması ideyası plan olaraq qaldı”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Qarabağ”dan “Xəzər-Lənkəran”ın sükanı arxasına keçən Rasim Kara deyib. O, sabiq klubun baş məşqçi postuna Mübariz Mənsimova görə qayıtdığını söyləyib: “Klubun rəhbərləri - Mübariz və Mais Mənsimov qardaşları ilə münasibətlərimin nə dərəcədə isti olmasından xəbərdarsınız. Mübariz bəyi bir qardaş kimi sevirəm. Ondan gələn təklifə “yox” deməyim mümkünsüz idi və buna görə də təklifi məmnuniyyətlə qəbul etdim. Axı həm də “Qarabağ”da işlərin istədiyim kimi olmayacağını anlamışdım. “Xəzər-Lənkəran”da çox işlər gördüyümdən, bura mənim doğma evimdi”. R.Kara “Xəzər-Lənkəran”a pula görə gəlmədiyini söyləyib: “Mübariz bəylə müqavilə şərtlərini müzakirə edərkən heç vaxt müddət və para məsələləri barəsində danışmamışam. Yadınızdadırsa, ilk dəfə “Xəzər-Lənkəran”da çalışarkən bir neçə dəfə komandadan ayrılmaq istədim. Mübariz bəy təkid etdi ki, qal, işinə davam et. Sizcə, belə dəstək olan yerdə müqavilə müddətindən danışmağa ehtiyac varmı? Komandaya xeyrim dəyənə və rəhbərliyə lazım olan vaxta kimi burdayam”. Premyer Liqanın startına bir həftə qalmış sükanı arxasına keçdiyi “Xəzər-Lənkəran”ı çempion etməyi çətin olduğunu R.Kara problemlərdən danışıb: “Yəqin ki, komandanın əhval-ruhiyyəsi istənilən kimi olmayacaq. Fiziki hazırlığın yoxlamaq üçün testlər keçirməliyəm. Digər tərəfdən, qızıl ortanı tapmaq lazımdı ki, komanda “Karvan”la ilk tur oyunundan öncə ifrat yüklənməsin. “Xəzər-Lənkəran” forması geyinməmiş futbolçuların heyətə uyğunlaşması barədə düşünməliyik. Lakin istənilən halda, məqsədimiz üç il öncə dayandığımız yerdən işimizə davam etməkdi. Hədəf zirvədir və “Xəzər-Lənkəran” həm Azərbaycanda, həm də Avropada uğurları sıralamalıdır”.





0