Elmar Baxşıyev: “Lex”lə oyunda qırmızı vərəqə aldığım üçün transferə çıxarılmışam”
04.08.2008 - 12:16
Elmar Baxşıyev: “Lex”lə oyunda qırmızı vərəqə aldığım üçün transferə çıxarılmışam”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran” klubu sabiq kapitanı Elmar Baxşıyevi transferə çıxarıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən E.Baxşıyevin sözlərinə görə, buna səbəb Polşada “Lex” komandasına böyük hesabla (1:4) uduzduqları oyunda aldığı qırmızı vərəqədir: “Həmin epizodda qırmızı vərəqəni bilərəkdən almadım. Bu, kənardan aşkar görünürdü. Topun əlimə dəydiyini heç hiss etmədim. Üzümü hakimə tərəf çevirəndə onun mənə ikinci sarı, ardından qırmızı vərəqə göstərdiyinin şahidi oldum. Mənə göstərilən ilk sarı vərəqəni haqlı sayıram, ancaq ikincini yox. Düzdür, meydandan çıxarılmağımın böyük hesabla məğlubiyyətə təsiri oldu. Ancaq qırmızı vərəqə aldığımız zamanı 1:2 hesabı ilə uduzurduq və mərhələ adlamağımız çətin idi”.
Rasim Karanın “Xəzər-Lənkəran”ın baş məşqçi postuna dönüşünədək transferə çıxarılan 28 yaşlı yarımmüdafiəçi türkiyəli mütəxəssisin onu geri qaytarmasını inandırıcı saymır: “Bunun reallaşması çətindir. Hər halda, klub rəhbərliyi aldığım qırmızı vərəqəyə görə məni transferə çıxarmağa qərar verib. Ancaq komandanı qəsdən azlıqda qoymadığımı başa düşmək lazımdır. Komandanı çətin vəziyyətdə qoymaq istəməzdim və aldığım qırmızı vərəqəyə görə pis oldum. “Xəzər-Lənkəran”da karyeramın ən yaxşı illərini keçirmişəm və ötən ilin yayında bu komandaya keçidimə görə peşman deyiləm. Komandanın kapitanı kimi kuboku başı üzərimdən qaldırmışam”.
E.Baxşıyev mövsümün startına 5 gün qalmış özünə klub tapmağın çətin olduğunu söyləyib: “Transfer pəncərəsi” avqustun 30-da bağlansa da, komandalar heyətini komplektləşdirib. Mən “Xəzər-Lənkəran”dan getməmişəm, “Xəzər-Lənkəran” məni transferə çıxarıb. Buna görə də başqa kluba keçidimə imkan yaradılmalıdır. Ancaq mövsümün startına bir həftə qalmış transferə çıxarılmağım problemlə üzləşdiyimi göstərir”.
“Xəzər-Lənkəran”la hələ bir illik müqaviləsi olan milli komandamızın üzvü yaxşı münasibətdə olduğu Qurban Qurbanovun yenicə baş məşqçi təyin olunduğu “Qarabağ”da oynamağa hazırdır: “Bu komandadan təklif gəlsə, onun qəbul etməyə hazıram. Hər halda, mən tərəfdən problem yoxdur və transferin rəsmiləşməsi klublar arasında danışıqlardan asılıdır. Hələlik, formamı itirməmək üçün fərdi məşqlər etməli oluram”.


0