Ramin Musayev: “Biz Rasim Karaya lisenziya verməyəcəyik”
04.08.2008 - 16:05
Ramin Musayev: “Biz Rasim Karaya lisenziya verməyəcəyik”
Onun sözlərinə görə, “Xəzər-Lənkəran”ın baş məşqçi postuna qaytardığı R.Karanı hazırkı şəraitdə sifariş edə bilməz: “Qarabağ” bizə təqdim etdiyi iştirak ərizəsində baş məşqçi Rasim Kara və üç köməkçisi Tayfun Gürsəl, Aykut Çətin və Sərhat Qalimanenin adını göstərib. Müraciətdə “Xəzər-Lənkəran”a keçən türkiyəli məşqçilərin “Qarabağ”la müqavilələrinin olduğu göstərilib. Belə olan halda, “Xəzər-Lənkəran”ın onları sifariş etməsi qeyri-mümkündür. Yəni, bununla bağlı “Qarabağ”ın yazılı şəkildə razılığını almaq lazımdır. Nə qədər ki, “Qarabağ” onları azad buraxması barədə sənədi təqdim etməyibsə, “Xəzər-Lənkəran”ın türkiyəli məşqçilərin adlarını iştirak ərizəsinə daxil etməsi mümkün olmayacaq. Hər halda, biz həmin məşqçilərə lisenziya verməyəcəyik. Lisenziyası olmayanlar isə texniki zonaya buraxılmır”. Premyer Liqa və ölkə kuboku uğrunda oyunları keçirmək hüququnu əldə edən APFL-nin prezidenti “Xəzər-Lənkəran”ın rəhbərliyi ilə danışıqlar apardığını söyləyib: “Klubun prezidenti Mais Mənsimovla geniş söhbətim oldu. O, məsələni həll edəcəklərini söyləyib. “Xəzər-Lənkəran”ın avqustun 30-dək vaxtı var. Yəni, həmin müddətədək “transfer pəncərəsi”nin açıq olması təkcə futbolçulara yox, məşqçilərə də aiddir. “Transfer pəncərəsi” bağlanandan sonra klubların kimisə sifariş etmək hüququ olmayacaq və onlar növbəti dövrlərarası fasiləni gözləməli olacaq”.
0