Qurban Qurbanov: “Qarabağ”ın baş məşqçisi kimi, üzərimə böyük məsuliyyət düşür”
04.08.2008 - 17:52
Qurban Qurbanov: “Qarabağ”ın baş məşqçisi kimi, üzərimə böyük məsuliyyət düşür”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Qarabağ”ın baş məşqçisi olmağım artıq həll olunub. Az öncə klubun rəhbərliyi ilə söhbətimdə məsələni razılaşdırdıq. Sadəcə, hələlik rəsmi müqavilə imzalamamışıq ki, bunun da səbəbləri var”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Qarabağ” klubunun yeni baş məşqçisi Qurban Qurbanov deyib. 36 yaşlı mütəxəssis bildirib ki, “Qarabağ” sabiq çalışdırıcısı Rasim Kara ilə bağlı problemi yoluna qoyandan sonra rəsmən müqavilə bağlanacaq. Hazırda yeni klubu ilə rəsmi müqavilə imzalanmasını hüquqi cəhətdən qeyri mümkün hesab edən Q.Qurbanov hələlik baş məşqçi vəzifəsini icra edəcək: “Qarabağ”ın hazırlığına qatılsam da, məşqləri kənardan izləyəcəyəm. Komandanın məşqçiləri işlərini davam etdirəcək. “Qarabağ”la Kara problemi tam həll edəndən sonra rəsmi müqavilə imzalayacağam. Həmin vaxt da anlaşmanın müddəti məlum olacaq”.
Q.Qurbanov mövsümün startına 5 gün qalmış komandanın sükanı arxasına keçməyin ağır olduğunu bildirib: “Əlbəttə, çətinliklər olacaq. Komandanı mövsümə hazırlaşdırmamışam, transferləri həyata keçirməmişəm. Üzərimə böyük məsuliyyət düşür. Hansı yükün altına girdiyimi dərk edirəm və çətinliklər məni çəkindirmir. Hər halda, “Qarabağ”ın oyun üslubu mənə yaxşı tanışdır. Futbolçuların çoxunu da yaxşı tanıyıram. İlk turlarda çətinliklərin olması mümkündür. Ancaq tədricən bütün bunları yoluna qoyacağıq. Əsas məqsədimiz komandanı mövsümün startına qədər toparlayıb, oyunlara yaxşı əhval-ruhiyyədə çıxarmaqdır”.





0