“Bakı” Zaur Ramazanovu transfer etmək istəyir
04.08.2008 - 18:07
“Bakı” Zaur Ramazanovu transfer etmək istəyir
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubu “Xəzər-Lənkəran”ın hücumçusu Zaur Ramazanovla maraqlanır. Bu barədə “APA-Sport” agentliyinə açıqlamasında komandanın vitse-prezidenti Zeynal Məmmədov bildirib ki, 32 yaşlı futbolçunu heyətə cəlb etmək istəyirlər: “Bizə Ramazanov kimi oyun üslubuna malik sürətli hücumçu lazımdır. Komandamızın baş məşqçisi Qyoko Hacievski də Zauru sərəncamında görmək istəyir”. Z.Məmmədov futbolçunun səviyyəsi ilə yanaşı, insani keyfiyyətlərinin də vacib olduğunu söyləyib: “Klubumuzda futbolçu ilə müqavilə məsələləri əvvəlcədən razılaşdırılır və anlaşmanın şərtləri əməl olunur. Sözsüz ki, nizam-intizam məsələlərinə də xüsusi diqqət yetiririk. Zaurun indiyədək bu planda problemləri olub. Onu komandamıza bir şərtlə götürərik ki, başını aşağı salıb, oyununu oynasın. Daha onu-bunu istəyirəm kimi şərtləri irəli sürməsin”. Transfer məsələlərinin peşəkarcasına həll edilməsinin tərəfdarı olan Z.Məmmədov “Xəzər-Lənkəran”ın heyətindən kənarlaşdırdığı digər milli üzvü Elmar Baxşıyevi də sərəncamında görmək istədiklərini söyləyib: “Hacievski Baxşıyevi də tərifləyir. Bir insan kimi haqqında müsbət fikrindədir. “Xəzər-Lənkəran” Elmarı transferə çıxarıbsa, onun komandamıza keçidi reallaşa bilər”.





0