İlqar Qurbanov: “Superliqada oynamaq istəyirəm”
04.08.2008 - 18:15
İlqar Qurbanov: “Superliqada oynamaq istəyirəm”
Bakı. Kənan Həsənov - APA-Sport. “Boluspor”a uğurlu mövsüm keçirmək üçün gəldim. Superliqanı aşağı diviziona dəyişdim. Bu səbəbdən mənimlə maraqlanan bütün komandaları incələdim. Sonda “Boluspor”un mənim üçün ən yaxşı variant olduğuna qərar verdim. Bu komandada gözəl günlər keçirəcəyimə inanıram”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Türkiyənin “Boluspor” klubuna bir illik icarə əsasında transfer olunan İlqar Qurbanov söyləyib. 22 yaşlı yarımmüdafiəçi yenidən Superliqada oynamaq istədiyini bildirib: “Yeni mövsümdə Superliqada oynamaq istəyirəm. Doğru seçim etdiyimə inanıram. Mənə güvənən insanları peşman etməyəcəyəm. Çünki bundan sonra “Boluspor” üçün savaşacağam. Komandamızın çox çılğın azarkeşlərinin olduğunu bilirəm. Müqavilə imzalayarkən mənə göstərdikləri dəstəyə görə onlara təşəkkür edirəm. Superliqaya yüksəlmək üçün əl-ələ verməliyik”.
“Boluspor”un futbol şöbəsinin müdiri Recep Aydoğanlı isə həmyerlimizi Superliqa təmsilçisi “Sivasspor” klubundan transfer etməkdə ciddi məqsəd güddüklərini vurğulayıb: “Qurbanov həm hücumda, həm də yarımmüdafiədə oynamağı bacarır. Onun kimi bir futbolçuya ehtiyacımız vardı. Yeni mövsümdə daha da iddialı olacağıq”.





0