“Mükafatçılar sırasına düşə bilməsək, komanda rəhbərliyi cavabdehlik daşıyacaq”
05.08.2008 - 17:09
“Mükafatçılar sırasına düşə bilməsək, komanda rəhbərliyi cavabdehlik daşıyacaq”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Rasim Karanın gedişi mənim üçün xoşagəlməz sürpriz oldu”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl deyib. O, R.Karanın məsələsi ilə bağlı “Xəzər-Lənkəran” rəhbərliyi ilə görüşməyin vacibliyini söyləyib: “Kaş “Xəzər-Lənkəran” rəhbərliyi Karanı baş məşqçi postuna gətirmək istəyini əvvəlcədən bizə bildirərdi. Biz də bu məsələni müzakirə edər və daha belə gözlənilməz vəziyyət yaranmazdı. Fikrimcə, məsələni yoluna qoyacağıq”. Baş məşqçi postuna başqasının namizəd olduğu halda, Q.Qurbanovun onlara məsləhət edildiyini bildirən T.Gözəl gənc çalışdırıcıya güvəndiyini söyləyib: “Qurbanı hələ “Neftçi”də bizə qarşı çıxış etdiyi vaxtdan xatırlayıram və Çəlikəl onun namizədliyini irəli sürəndə dəstəklədim”. Vitse-prezident yeni baş məşqçinin qarşısında duran vəzifəyə də aydınlıq gətirib: “Biz hələ Karanın dövründə büdcəmizi artırmış, ötən mövsümlə müqayisədə transferlərə çox pul xərcləmişik. Hesab edirəm ki, “Qarabağ”ın heyəti ötən mövsümlə müqayisədə ən azı 50 faiz güclənib. Təbii ki, yeni mövsümdə nəticə istəyirik və bunun üçün döyüşkən komanda yaradıb, savaşmalıyıq. Mükafatçılar sırasına düşə bilməsək, klub qarşımda cavabdehlik daşıyacaq”.
0