Con Toşak: “Bizi Azərbaycan yığması ilə heç də asan oyun gözləmir”
30.08.2008 - 09:56
Con Toşak: “Bizi Azərbaycan yığması ilə heç də asan oyun gözləmir”
59 yaşlı mütəxəssis bildirib ki, yetirmələrini heç də asan oyun gözləmir: “Yəqin ki, rəqib müdafiəni mütəşəkkil quracaq. Bizim arxa xətti yarmağımız üçün isə azərbaycanlı futbolçuları yaxşı öyrənməyimiz və matça düzgün yanaşmağımız zəruridir. Azərbaycan yığması son dövrlərdə kifayət qədər güclənib. Biz onların Andorra və İslandiya ilə yoldaşlıq görüşlərinin videokasetlərini əldə etmişik. Açıq-aşkar görünür ki, Berti Foqts komandanı inkişaf etdirib. Əvvəllər bu rəqibi 3 dəfə məğlub etmişik. Yəni, Azərbaycan bizim üçün yad komanda deyil. Lakin arxada qalan müddətdə onlar xeyli irəliləyib”. C. Toşak Uels yığmasında itkilər olduğunu gizlətməyib. Ancaq baş məşqçi bu çatışmazlıqların nəticəyə təsir göstərməyəcəyini düşünür: “Zədələr və qarşılaşdığımız digər problemlər hamısı reallıqdır. Qarşımıza yüksək hədəflər qoyduğumuzdan belə məsələlər üzücüdür. Əsas oyunçularımızdan məhrum olsaq da, hazırlıqlara başlayacağımız gün bütün bunları unutmalıyıq. Bazar ertəsindən başlayaraq aramızda olmayanları yox, Azərbaycanla matçı düşünəcəyik. Şənbə günü meydana çıxıb, nəticə qazanmağa hazırıq”. O vurğulayıb ki, Avropa çempionatının mükafatçıları Almaniya və Rusiya ilə eyni qrupda yer almaqlarına baxmayaraq, dünya birinciliyinin final mərhələsinə yüksəlmək istəyirlər: “Biz bu seçmə mərhələyə necə lazımdırsa hazırlaşmışıq. İlk 6 qarşılaşmada 12 xal toplamağa borcluyuq. Dünya çempionatına vəsiqə qazanmaq fikrimiz varsa, bunu etməliyik. Unutmaq lazım deyil ki, Uels yığması dörd ildən bir təşkil olunan bu turnirin final mərhələsinə artıq 50 ildir vəsiqə qazana bilmir”.
Qeyd edək ki, Kardiffdə keçiriləcək Uels - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
0