Andrey Rubin: “Azərbaycanda 40 dərəcə istidə oynamaq məcburiyyətindəyik”
30.08.2008 - 12:57
Andrey Rubin: “Azərbaycanda 40 dərəcə istidə oynamaq məcburiyyətindəyik”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Azərbaycanda legioner futbolçular çoxdur, yerlilərin sayı isə azdır. Bizdə cəmi 4 yerli oyunçu var”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu Bakının “İnter” klubunun latviyalı yarımmüdafiəçisi Andrey Rubin deyib. 30 yaşlı futbolçu Latviya mətbuatına müsahibəsində yeni komandasında ilk matçın çətin alındığını bildirib: “Çempionatın liderlər qrupunda qərarlaşan “Bakı” ilə qarşılaşmada debüt etdim. Qolsuz heç-heçə ilə bitən görüşün ikinci hissəsində meydana çıxmışdım. Hər şey qaydasında olsa da, ilk matç çox çətin alındı. Komanda ilə birgə cəmi 3 gün məşq etməyim bir yana, hava həddən artıq isti idi. Görüşün axşam saat 9-da keçirilməsinə baxmayaraq, 40 dərəcə istidə oynamaq məcburiyyət qarşısında qalmışdıq”. A. Rubin vurğulayıb ki, hazırda ideal formaya düşmək üçün çalışır: “İnter”in qarşısına hansı vəzifənin qoyulduğunu bilmirəm. Yəqin ki, yenə çempionluq üçün oynayacağıq. Mənim üçün ən vacib məqam əməliyyatdan sonra tam bərpa olunmaq, normal oyun sərgiləyə biləcək formamı yığmaqdır”.
0