Ramin Musayev: “MKT-Araz” klubunu çempionata biz buraxmadıq”
01.09.2008 - 16:16
Ramin Musayev: “MKT-Araz” klubunu çempionata biz buraxmadıq”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “MKT-Araz” komandasının birinci divizionda oynamasına biz icazə vermədik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan Peşəkar Futbol Liqasının (APFL) prezidenti Ramin Musayev deyib. Bu gün AFFA-da birinci divizion və ölkə kuboku oyunlarının püşkatması zamanı çıxış edən R. Musayev iki il öncə güclülər dəstəsində mübarizə aparmış “MKT-Araz”ın çempionatdan kənarda qalmasına aydınlıq gətirib: “MKT-Araz”ın prezidenti çempionatda iştirak etmək istəmədiklərini bildirirdi. İcraçılar isə sənədləri götürüb yanımıza gəlmişdilər ki, birinci divizionda oynamaq istəyirik. Biz nə etməliydik? Klub prezidentinin fikrinə üstünlük verib, bu komandanı yarışa buraxmadıq”. APFL rəhbəri vurğulayıb ki, çempionata qatılacağı gözlənilən digər kollektivlər müxtəlif maneələrlə rastlaşıblar: “Abşeron” klubu bank təminatı ilə bağlı sənədi təqdim etmədiyindən, yarışdan kənar qaldı. “Kəpəz” və “Şəmkir”ə gəlincə, bu komandalar nəinki yazılı müraciət ediblər, bizə onlardan heç zəng də gəlməyib”. R Musayev birinci divizion iştirakçıları üçün yay transfer mövsümünün müddətinin uzadıldığını söyləyib: “Transfer pəncərəsi” Premyer Liqa klubları üçün bağlanıb. Birinci divizion təmsilçiləri isə sentyabrın 6-dək heyətlərinə yeni futbolçu cəlb edə bilərlər”.
0