“Bakı” İspaniyanın “Real-Sosyedad” klubunun sabiq hücumçusunu transfer edib
01.09.2008 - 16:25
“Bakı” İspaniyanın “Real-Sosyedad” klubunun sabiq hücumçusunu transfer edib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bakı” klubu Gürcüstan milli komandasının üzvü Georgi Demetradzeni heyətinə cəlb edib. “APA-Sport” agentliyinin məlumatına görə, 32 yaşlı hücumçunun keçidi “transfer pəncərəsi”nin son günündə həll olunub. Peşəkar karyerasına vətənində başlayan G. Demetradze “Kaxeti” (9 oyun, 2 qol) və Tiflis “Dinamo”sunda (67 oyun, 51 qol) oynayıb. Daha sonra futbolçu müxtəlif klublarda legioner həyatı yaşayıb. O, Hollandiyanın “Feyenord” (8 oyun), Rusiyanın “Alaniya” (70 oyun, 43 qol) və “Lokomotiv” (6 oyun), Ukraynanın “Dinamo” (26 oyun, 15 qol), Donetsk “Metallurq”u (73 oyun, 32 qol), “Arsenal” (18 oyun, 3 qol), İsrailin “Makkabi” (Tel-Əviv, 13 oyun, 3 qol), İspaniyanın “Real-Sosyedad” (13 oyun, 1 qol) komandalarının formasını geyinib. G. Demetradze 1996-2007-ci illər ərzində Gürcüstan yığmasında keçirdiyi 55 oyuna 12 qol vurub. Milli komandanın tarixi ərzində yalnız iki futbolçudan az qol vuran G. Demetradze oyun sayında 7-ci yerdədir. “Bakı” rəhbərliyi gürcüstanlı hücumçu ilə iki illik müqavilə bağlayıb.
Qeyd edək ki, G. Demetradzenin axırıncı klubu Kiyev “Arsenal”ı olub.
0