Bakının “İnter” komandası boliviyalı futbolçu Auqusto Andaverislə bir illik müqavilə bağlayıb
01.09.2008 - 17:09
Bakının “İnter” komandası boliviyalı futbolçu Auqusto Andaverislə bir illik müqavilə bağlayıb
Bakı. Elşən Məmmədov – APA-Sport. Bakının “İnter” klubu Boliviya yığmasının hücumçusu Auqusto Andaverisin transferi ilə bağlı problemi yoluna qoyub. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən paytaxt komandasının baş məşqçisi Valentin Xodukinin sözlərinə görə, 29 yaşlı futbolçunun adı AFFA-ya göndərilən sifariş ərizəsinə daxil edilib. Boliviyanın “La-Pas” klubundan transfer olunan A. Andaverislə 2009-cu ilin mayınadək müqavilə bağlanılıb. V. Xodukin bildirib ki, boliviyalı oyunçu Azərbaycan Premyer Liqasının 5-ci turunda, sentyabrın 21-də Zaqatalanın “Simurq” komandası ilə matçda debüt edə bilər. Həmin vaxtadək yaranacaq fasilədə isə “İnter” Bakıda hazırlıq prosesi keçəcək. Azərbaycan çempionunun rəhbərliyi təlim-məşq keçmək üçün öncə Türkiyə, Bolqarıstan və Zaqatala variantları üzərində düşünsə də, havaların sərinləməsi səbəbindən paytaxtdan kənara çıxmaq münasib sayılmayıb.
0