Rüstəm Rəhimov: Gürcüstanlı hakimin səhvləri çox idi
20.11.2008 - 12:40
Rüstəm Rəhimov: Gürcüstanlı hakimin səhvləri çox idi
“Təbii ki, Azərbaycan - Albaniya matçının hakimi çoxlu qüsurlara yol verdi. Matçda ilk qol oyundankənar vəziyyətdən vurulmuşdu. Millimizin qaydalar çərçivəsindən kənar vurduğu bu qol qonaqların da haqlı narazılığına səbəb oldu”. Bu fikirləri apasport.az saytına açıqlamasında veteran hakim Rüstəm Rəhimov deyib.

Azərbaycan futbolunun ən təcrübəli hakimlərindən olmuş Rəhimov Azərbaycan və Albaniya yığmaları arasında keçirilən yoldaşlıq görüşünü idarə edən gürcüstanlı Laşa Silaqavadan narazı qalıb: “Oyunun startındakı səhvdən sonra gürcü hakim özünə gələ bilmədi və ardıcıl səhvləri sıraladı. Hakimlik də ustalıq tələb edir. Axı bu iş də bir incəsənətdir və hər adam hakimlik işinin öhdəsindən layiqincə gələ bilmir. Oyunun əvvəlindəki səhvdən sonra Silaqava diqqətli olmalı idi. Amma tələsdi. Profilaktiki iş aparmalı olduğu bir vaxtda vərəqələrə əl atdı. Belə olan halda, albanlar da onun qərəzli hakimlik etdiyini düşündü”.

Rəhimov az qala dava-dalaşa səbəb olacaq qırmızı vərəqə epizodunda hakimin səhv etməyi ilə bağlı qəti söz deməyə çətinlik çəksə də, onun sözlərinə görə bu addımı atmamaq da olardı: “Qırmızı vərəqənin verildiyi epizodda gürcüstanlının nə dərəcədə düzgün qərar qəbul etdiyini söyləmək çətindir. Amma belə vəziyyətdə Silaqava durumu nəzərə almalı idi. Bir tərəfin idarəçiliyindən narazı olması, əsəblərin tarıma çəkildiyi vaxtda futbolçu ilə söhbət etmək oyunu sakitləşdirmək zəruri idi. Futbolda ən ağır qərarlar penalti və qırmızı vərəqələrlə bağlıdır ki, hakim də belə addımı atdı”.
0