Sergey Sokolov yenidən milli komandada!
20.11.2008 - 13:25
Sergey Sokolov yenidən milli komandada!
Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Berti Foqts dekabrın 1-dən 3-dək Bakıda keçiriləcək təlim-məşq toplanışına 35 futbolçu çağırıb.

62 yaşlı mütəxəssis Albaniya ilə yoldaşlıq oyununa çağırdığı 22 futbolçunun hamısını yenidən sərəncamında görəcək. Həmin görüşdən əvvəl təşkil olunan toplanışa qatılmayan legionerlər – Branimir Subaşiçlə Saşa Yunisoğlu da bu dəfə hazırlıqlara dəvət olunub. Son heyətlə müqayisədə 13 dəyişiklik edən Foqts ötən həftə baş tutan toplanışdan sonra heyətdən çıxardığı bəzi oyunçuları geri qaytarıb.

Anasının vəfatı ilə əlaqədar heyətdən kənarlaşdırılan Kamran Ağayev, Osman Umarov, Rail Məlikov, Zahid Quliyev, Nodar Məmmədov, Novruz Məmmədov, Rahid Əmirquliyev, Emin Cəfərquliyev və Fabio Luis Ramim yenidən heyətə çağırılıb. Həmin toplanışdakı 31 futbolçudan ikisi – Mahmud Qurbanovla Eşqin Quliyev isə Albaniya ilə matçda olduğu kimi yenə heyətdən kənarda qalıb.

Toplanışa qatılacaq digər 4 futbolçu isə ilk dəfə Foqtsun çalışmalarında iştirak edəcək. Əvvəllər millidə çıxış edən legionerlər Sergey Sokolov və Ernani Pereyranı komandaya qaytaran almaniyalı klubsuz olan Səlahət Ağayevə, Tural Nərimanova da dəvət göndərib.

Qapıçılar: Kamran Ağayev (“Xəzər-Lənkəran”), Fərhad Vəliyev (“Qarabağ”), Rauf Mehdiyev (“Olimpik”), Anar Nəzirov (“Neftçi”), Osman Umarov (“Qarabağ”), Səlahət Ağayev (klubsuz)

Müdafiəçilər: Rail Məlikov, Rəşad Sadıqov (hər ikisi “Neftçi”), Mahir Şükürov, Aqil Nəbiyev, Usim Nduka (hamısı “Olimpik”), Samir Abbasov (“İnter”), Saşa Yunisoğlu (“Poloniya”, Polşa), Tural Nərimanov, Ernani Pereyra (hər ikisi “Karvan”), Sergey Sokolov (“Simurq”), Zahid Quliyev, Nodar Məmmədov (hər ikisi MOİK), Novruz Məmmədov (“Muğan”)

Yarımmüdafiəçilər: Elvin Məmmədov, Cavid Hüseynov (hər ikisi “İnter”), Elmar Baxşıyev, Araz Abdullayev, Aleksandr Çertoqanov, Emin Cəfərquliyev, (hamısı “Neftçi”), Zeynal Zeynalov (“Muğan”), Tural Cəlilov (“Simurq”), Anatoli Ponomaryov (“Degerfors”, İsveç), Mixail Zaytsev (“Dağ Diesel”, Rusiya), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Fabio Luis Ramim (“Bakı”)

Hücumçular: Vaqif Cavadov (“Qarabağ”), Vüqar Nadirov (“Karvan”), Leandro Qomeş (“Olimpik”), Branimir Subaşiç (“Srvena Zvezda”, Serbiya).













0