“İnter” indidən problemlə üzləşib
20.11.2008 - 15:54
“İnter” indidən problemlə üzləşib
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində iştirak edəcəyimizi artıq təsdiqləmişik. Gələn ilin yanvarında Moskvada keçiriləcək bu yarışdan imtina etmək fikrində deyilik”. Bunu apasport.az saytına açıqlamasında son Azərbaycan çempionu olan Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.

“Dinamo” (Tiflis, Gürcüstan), BATE (Belarus) və “Bunedkor”un (Özbəkistan) turnirdən imtina etməsindən xəbərdar olan prezident baş verənlərə görə üzülür: “Bu, çempionların yarışı olduğu halda, onları başqalarının əvəzləməsi turnirin səviyyəsini aşağı salır. Ancaq hər halda, imtina edənlərin də buna əsasları var. Yəqin ki, onlar da bizim kimi viza problemləri ilə üzləşiblər. Həm bunu, həm də turnirin mövsümə hazırlıq planlarına mənfi təsir etdiyini görərək, gəlməməyi daha üstün tutublar”.

Viza problemlərinə aydınlıq gətirən Nikolov yarışı təşkil edən Rusiya Futbol İttifaqının iştirakçılara göstərdiyi münasibətdən narazıdır. O, fikrini belə əsaslandırıb: “Rusiya Futbol İttifaqı bizə rəsmi dəvət göndərərək, viza məsələlərinin həllində yardımçı olmalıdır. Belə olmadığı üçün bunu özümüz yoluna qoymağa məcburuq. Artıq Rusiyanın Azərbaycandakı səfirliyinə iki həftədir rəsmi müraciət etsək də, hələ də cavab almamışıq. Vizanın həllinə həm çox vaxt gedir, həm də əlavə xərcə düşməli olursan. Səfirlik çoxlu sənədlər tələb edir ki, bunlar pasportdan tutmuş müqavilələrə qədərdir. Futbolçularımızı dekabrın 3-də istirahətə buraxırıq. Legionerlərimizin vətənlərinə getməsi üçün pasportlarının özlərində olması lazımdır”.

Nikolovun sözlərinə görə, yanvarın ilk yarısında nəzərdə tutulan Türkiyə toplanışının baş tutması sual altına düşüb: “Biz “Birlik kuboku”na Türkiyədə hazırlaşmağı, Moskvaya da oradan birbaşa gəlməyi planlaşdırmışıq. Ancaq yanvarda yeni il bayramı ilə əlaqədar səfirlikdə iki həftə iş olmayacaq ki, bu da əlavə çətinlik törədir. Ola bilsin ki, vizalara görə bu hazırlıq prosesini təxirə saldıq. Fikrimcə, Moskvadakı turnirin təşkilatçıları UEFA-nın avrokuboklarla bağlı təcrübəsindən nümunə götürməlidir. Yəni Makedoniyanın “Rabotniçki”, Serbiyanın “Partizan” klublarını qəbul edəndə təşkilatı işləri biz, səfər matçında onlar öhdəsinə götürdülər”.

Komandanın baş məşqçisi Valentin Xodukinlə bütün problemləri müzakirə edən Nikolov istənilən halda, yarışda təmsil olunacağını söyləyib: “Son illərdə “Neftçi”, “Bakı” və “Xəzər-Lənkəran”ın “Birlik kuboku”nda çıxışından sonra daxili yarışda uğursuz çıxışı göz qabağında olub və bu narahatçılığa əsas verir. Ancaq bir debütant kimi, bu turnirə qatılacağıq. Hər halda, biz orda təkcə “İnter”i yox, bütün Azərbaycanı təmsil edəcəyik. Səbəb olmadan imtina edə bilmərik. Heyətimiz nə qədər geniş olsa, biz oraya əvəzediciləri göndərmək fikrində deyilik. Əsas komanda, döyüşkən heyətlə layiqli çıxış etmək iddiasındayıq”.
0