Hiddink Foqtsdan beş dəfə çox qazanır
20.11.2008 - 18:48
Hiddink Foqtsdan beş dəfə çox qazanır
Rusiya milli komandasının baş məşqçisi Qus Hiddinkin illik gəliri 7 milyon avrodur. Apasport.az saytının məlumatına görə, növbəti rəsmi oyununu 2009-cu ilin martında Azərbaycan yığmasına qarşı keçirəcək təcrübəli holland mütəxəssisin illik qazancı vergiləri çıxdıqdan sonra bu qədərdir. Hiddinkin başçılıq etdiyi məşqçilər korpusunun illik məvacibi isə 19 milyon avro təşkil edir.

Ancaq onun müqaviləsinin maddi öhdəliklərinin təminatçısı olan Londonun “Çelsi” klubunun prezidenti Roman Abramoviç avqustundan etibarən geri çəkilib və vəziyyət mürəkkəbləşib. Əgər yaxın vaxtlarda maliyyə problemi həll olunmasa, Hiddink Rusiyanı tərk edəcək.

Rusiya Futbol İttifaqının (RFİ) maliyyə sarıdan korluq çəkməsini təəccüblə qarşılayan holland məşqçi üzləşdiyi vəziyyətə görə narahat deyil: “Rusiya Futbol İttifaqının pulunun olmadığını eşində, heç bilmədim ki, buna necə reaksiya verim. Fikrimcə, məvaciblərin ödənilməsi ümumiyyətlə, müzakirə mövzusu olmamalıdır. Əgər razılaşma varsa, buna əməl olunmalıdır. Abramoviç həm qələbə qazandığım, həm də ən çətin anlarımda, hətta İsrailə uduzduğumuz oyun zamanı da yanımda olub. Onun yığmaya biganə olmaması mənə xoşdur”.

Rusiya Milli Futbol Akademiyasının rəhbəri Sergey Kapkov isə belə deyib: “Hiddinki yığmadakı köməkçiləri Aleksandr Borodyukla İqor Korneyevin Avropa çempionatında qazanılan nailiyyət müqabilində ayrılan mükafatı hələ də almaması da qayğılandırır. Hollandiyalı məşqçiyə təminat verməsək, bizi ciddi təhlükə gözləyir. O, hər şeydən bezib, əşyalarını yığaraq, bütün dünya futbolunun gözü qarşısında Rusiyadan gedə bilər. Həmin vaxt biz əsl axmaq yerində qalacağıq”.

Qeyd edək ki, Hiddink Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsdan 5 dəfə çox qazanır. AFFA ilə 21 aylıq müqaviləsi olan Foqts gələn ilin dekabrınadək ümumilikdə 2 milyon avro irəli düşəcək.
0