“Xəzər-Lənkəran” - “Qarabağ”: Rəhbərlər qələbə iddiasında!
21.11.2008 - 11:44
“Xəzər-Lənkəran” - “Qarabağ”: Rəhbərlər qələbə iddiasında!
Azərbaycan Premyer Liqasının XII turunda keçiriləcək “Xəzər-Lənkəran” – “Qarabağ” oyunu hər iki komanda üçün böyük əhəmiyyət daşıyacaq. Apasport.az saytının məlumatına görə, hər iki klubun rəhbərliyi də qarşılaşmanın vacibliyini yaxşı dərk edir. Ağdamlılar liderlər qrupundan geri düşdüyündən, bu fərqi imkan düşdükcə azaltmağa, lənkəranlılar isə yenidən zirvəyə qayıtmaq şansı əldə etmək üçün qələbə qazanmağa borcludur.

“Qarabağ”ın rəsmi internet saytına açıqlama verən klub rəsmiləri də qələbə iddialarını ortaya qoyub. Ağdamlıların baş direktoru Əmrah Çəlikəl Lənkərana üç xal dalınca yollandıqlarını deyib: “Bizim üçün çox vacib qarşılaşmadır. Sadəcə, hədəflərimizi davam etdirmək üçün. Komandada əhval-ruhiyyə çox yüksək səviyyədədir. Meydana qələbə üçün çıxacağıq”.

İki ildən sonra yenidən çempion olmaq arzusunda olan “Xəzər-Lənkəran”ın vitse-prezidenti Araz Nəsirovun sözlərinə görə isə bu matç digərlərindən o qədər də fərqlənmir: “Qarabağ”la görüş bizim üçün çox əhəmiyyətlidir. Amma hamının düşündüyü mənada yox. Ona görə prinsipialdır ki, çempionluğa oynayırıq və bu baxımdan 3 xal bizim üçün çox vacibdir. Hansısa başqa prinsipiallıqdan söhbət belə gedə bilməz. Bu qarşılaşmaya başqa oyunlara yanaşdığımız kimi baxırıq”.
0