Qurban Qurbanov: Kara amilini bu dərəcədə şişirtmək düzgün deyil
21.11.2008 - 11:47
Qurban Qurbanov: Kara amilini bu dərəcədə şişirtmək düzgün deyil
“Xəzər-Lənkəran”la oyun ərəfəsində bizi Rasim Kara amili düşündürmür. Onun “Qarabağ”a müəyyən xeyri dəyib, lakin növbəti matça heç də onu fikirləşərək çıxmayacağıq. Mənə elə gəlir ki, Kara amilini bu dərəcədə şişirtmək düzgün olmazdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Rəhbərlik etdiyi kollektivi noyabrın 23-də səfərdə “Xəzər-Lənkəran”la görüşə çıxaracaq Qurbanov qənaətbəxş nəticə qazanmaq istəyir. Gənc məşqçi dolayısı ilə avrokuboklara layiq oyun nümayiş etdirmədiklərini təsdiqləyib: “Qitə miqyaslı yarışlara vəsiqə qazanmağı çox istəyirik. Ancaq bugünkü oyunumuzla avrokuboklara yollanmağın mümkün olub-olmayacağına qəti cavab vermək çətindir”.

Qurbanov gələcək planlarından da danışıb. O, Rəşad Sadiqovla Mahmud Qurbanova rəsmi təklif göndərmədiklərini söyləyib: “Onların “Qarabağ”a keçmələrinə şad olardım. Hələlik transfer məsələləri barəsində rəhbərliklə söhbətimiz olmayıb”.

Qeyd edək ki, Qurbanov bu ilin avqustunda “Qarabağ”ın baş məşqçisi postunda Rasim Karanı əvəzləyib. Türkiyəli mütəxəssis Ağdam klubunda 18 ay işlədikdən sonra, yeni mövsümün startında komandanı gözlənilmədən “Xəzər-Lənkəran”a dəyişib.

Mənbə: qol.az
0