Rasim Kara: “Qarabağ”la oyuna prinsipial yanaşmıram
21.11.2008 - 12:56
Rasim Kara: “Qarabağ”la oyuna prinsipial yanaşmıram
“Mənim üçün “Qarabağ”la qarşılaşmaq çox önəmlidir. Bunu keçmiş komandamla görüşdüyüm üçün demirəm. Sadəcə, hər bir rəqiblə oyun böyük əhəmiyyət kəsb edir”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Rasim Kara deyib.

Cari mövsümün startına az qalmış “Qarabağ”ı “Xəzər-Lənkəran”a dəyişən 58 yaşlı türkiyəli mütəxəssisin fikrincə, bu komandalar arasında qarşıdakı görüş diqqət mərkəzində olsa da, ajiotaj yaratmağa lüzum yoxdur: “Mən “Qarabağ”la oyuna prinsipial yanaşmıram. Komanda yayda mənim vaxtımda güclü transferlər həyata keçirdi. Mən gedəndən sonra isə daha bir necə futbolçu aldı. “Qarabağ” güclü rəqibdir. Bu mənada bizi çətin sınaq gözləyir”.

Kara keçmiş komandası üzərində qələbənin vacibliyini turnir cədvəli baxımından belə izah edib: “Məqsədimiz liderliyi qaytarmaqdır. Buna görə, qələbə bizim üçün vacibdir. Hər bir oyuna ciddi hazırlaşırıq. Bakıdakı hazırlığı başa vurandan sonra bu gün Lənkərana qayıdırıq və son məşqimiz orada keçirəcəyik. Kamran Ağayev anasının vəfatı ilə əlaqədar komandadan kənarda qalıb. Denis Silva zədə ucbatından oynaya bilməyəcək. Kapitanımız Emin Quliyev isə sağalsa da, məşqləri buraxması problem yaradır”.

Qeyd edək ki, Kara “Qarabağ”ı 18 ay çalışdırıb.
0