100 milyon avroluq stadion tikilir
21.11.2008 - 13:10
100 milyon avroluq stadion tikilir
İtaliyanın “Yuventus” klubu üçün tikiləcək yeni stadionun layihəsinin təqdimat mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə çıxış edən komandanın prezidenti Covanni Kobolli Cili həyəcanlı olduğunu deyib: “Çünki “Yuventus” İtaliyada şəxsi stadiona malik ilk klub olacaq. Bu, bizim üçün çox önəmli fürsətdir”.

Yeni stadion turinlilərin son illər oynadıqları “Delli Alpi”nin yerində inşa ediləcək. Torino şəhərinin mərkəzində tikiləcək arena 40 200 tamaşaçı tutumuna malik olacaq. Stadionun həyətində 4 min yerlik avtopark, 8 restoran, 24 bar, 459 nəfərlik mətbuat mərkəzi fəaliyyət göstərəcək.

Layihənin ümumi dəyəri 100 milyon avroya bərabərdir. “Yuventus” rəhbərliyi layihə ilə tanışlıq üçün 3 ay vaxt ayırıb. 2009-cu ilin fevralında isə stadiona adını verəcək sponsor müəyyənləşəcək. Tikinti işləri apreldə start götürəcək. Stadionun 2011-ci ilin iyununda hazır olması və 2011/12 mövsümündən istifadəyə verilməsi nəzərdə tutulub.
0