Pokora görüş vaxtından narahatdır
21.11.2008 - 13:50
Pokora görüş vaxtından narahatdır
“10-cu pillədə olsa da, “Qəbələ”ni zəif rəqib saymıram. Hesab edirəm ki, bu komandanın turnir cədvəlindəki mövqeyi potensialı ilə heç uyğun gəlmir”. Bunu apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.

Azərbaycan Premyer Liqasının son turunda evdə “Bakı”nı yenməklə (2:0) liderliyə yüksələn 60 yaşlı ukraynalı mütəxəssis üçün növbəti rəqib yaxşı tanışdır: “Qəbələ” ilə “Simurq” hələ birinci divizionda bir yerdə çıxış edib. İndiyədək bu komanda ilə yoxlama oyunları da daxil olmaqla, xeyli qarşılaşmışıq, bir-birimizə yaxşı bələdik. Baş məşqçi Ramiz Məmmədov yaxşı, döyüşkən kollektiv yaradıb. Onun komandası əzmkar, mübariz oyunu ilə seçilir. Sadəcə, bu mövsüm hələ ki uğursuzluğa düçar olublar. Fikrimcə, “Qəbələ” öz oyununa görə daha yüksək yerləri tutmağa layiqdir. 10-cu pillə onun yeri deyil”.

Liderliyi qorumağın çətin olmasını deyən Pokoranın “Qəbələ” ilə səfər görüşü öncəsi qayğısı bununla bitmir. O, bir sıra amilləri ön plana çəkib: “Heyətimizdə itkilər qalmaqdadır. Zaqataladakı stadionumuzda qazon sintetik, Qəbələdəki arenada isə ot örtüyü təbidir. Sintetik örtükdən təbiiyə keçid futbolçulara əlavə problem yaradır. Qazonun kələ-kötürlüyünü qabartmağı düzgün saymıram. Çünki rəqibin də belə örtükdə oynayacağını nəzərə alsaq, hər iki komanda eyni vəziyyətdə olacaq. Sadəcə, görüş saat 14:00-də başlayacaq. Biz də çoxdandır bu vaxtda oynamırıq. Ancaq liderliyi əldə saxlamaq istəyiriksə, hazırkı şəraitdə sonadək mübarizə aparıb, qələbə qazanmalıyıq. Başqa çıxış yolumuz yoxdur”.

Qeyd edək ki, “Simurq” ən yaxın izləyicilərini cəmi 1 xal qabaqlayır.
0