Rəşad Sadıqovun “Boluspor”a keçidi baş tutmur
21.11.2008 - 15:47
Rəşad Sadıqovun “Boluspor”a keçidi baş tutmur
“Məni transfer etmək istəyən “Boluspor” klubunun rəhbərliyi “Neftçi” ilə müqaviləmin olduğunu bilir. Bu məsələni həll edəndən sonra Türkiyəyə yollanmağı planlaşdırıram”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” klubunun əsas heyətindən uzaqlaşdırılan Rəşad Sadıqov deyib.

26 yaşlı müdafiəçinin flaqmanla cari mövsümün sonunadək müqaviləsinin olması, onun başqa kluba sərbəst keçməsinə problem yaradıb. Rəşadın sözlərinə görə, “Boluspor”un maliyyə vəziyyəti yüksək olmadığı üçün “Neftçi”yə transfer məbləğini ödəyə bilmir: “Türkiyəlilərə transferim üçün istənilən məbləği ödəmək problemdir. Onların dediyinə görə, mənə yalnız oynayacağım təqdirdə altı ayın məvacibini ödəməyə gücləri çatır. Məhz bu səbəbdən keçidim açıq qalır. “Neftçi”nin mənə görə istədiyi məbləği açıqlamaq istəmirəm”.

Sadıqovun gələcək taleyi məsələnin tezliklə həll olunmasından asılıdır. Çünki müdafiəçi axtarışında olan “Boluspor” yığmamızın kapitanını başqası ilə əvəzləyə bilər: “Deyilənə görə, məsələ bir həftəyə həllini tapmasa, “Boluspor” başqa müdafiəçini transfer edəcək. Artıq yığmamızın oyunu başa çatıb və qarşıdakı bir həftə ərzində bu işlə məşğul olacağam. Hazırda dizimdə ağrılar olduğundan müalicə alıram. “Neftçi”nin əsas komandasından kənarda qaldıqdan sonra yığmada oyunumun yaxşı alınmayacağından narahat edim. Ancaq fikrimcə, Albaniya ilə yoldaşlıq görüşündə çıxışım heç də pis alınmadı”.
0