Xodukin: Bütün komandalar bizimlə görüşə xüsusi hazırlaşırlar
21.11.2008 - 15:54
Xodukin: Bütün komandalar bizimlə görüşə xüsusi hazırlaşırlar
“Karvan” futbol oynaya bilir. Bu komandanın oyunu xoşuma gəlir”. Bunu apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Azərbaycan Premyer Liqasının qarşıdakı turunda sabah “Karvan”ın qonağı olacaq 69 yaşlı ukraynalı mütəxəssis rəqibin baxımlı oyuna üstünlük verməsini qeyd edir: “Oyuna ciddi hazırlaşmışıq. Yevlaxa qələbə dalınca yollanırıq. Bu istəyimizə çatıb-çatmayacağını indidən demək olmaz. Bu, 90 dəqiqəlik mübarizənin sonunda bilinəcək. Əslində, hər bir komanda ilə oyun bizim üçün ağırdır. Çünki bütün rəqiblər “İnter”lə görüşə xüsusi hazırlaşırlar. Bu isə əlavə çətinlik yaradır”.

Lider “Simurq”un “Qəbələ” ilə səfər oyununda büdrəməsi, “İnter”in isə qələbə qazanacağı halda, zirvədəki mövqeyini qaytarmağa imkan yaradacaq. Ancaq Xodukin gözünü Qəbələyə yox, Yevlaxa dikib: “Qəbələ” – “Simurq” oyununun necə nəticələnəcəyi məni narahat etmir. Mən ilk növbədə öz komandamın çıxışında maraqlıyam”.
0