Azərbaycana qol vuran hücumçu baş məşqçini söydü
21.11.2008 - 17:36
Azərbaycana qol vuran hücumçu baş məşqçini söydü
Azərbaycan yığmasının “qara tarixi”ndə iştirak edən serb futbolçu Danko Lazoviç baş məşqçisini söyüb. Apasport.az saytının məlumatına görə, ötən ilin oktyabrın 17-də Serbiya yığmasının Bakıda 6:1 hesabı ilə qələbə qazandığı rəsmi oyunda qapımıza qol vuran Lazoviç çıxış etdiyi Hollandiyanın PSV klubunda qalmaqalla üzləşib. Ehtiyatda qalmaqdan bezən Danko komandanın baş məşqçisi Hub Stevensə iki hücumçu ilə oynamağı bir neçə dəfə tövsiyə edib. Serbin ön xətdəki tərəfdaşı Danni Kuvermans da bunu açıq şəkildə bəyan etsə də, bunlara məhəl qoymayan Stevens komandanı yenə meydana bir hücumçu ilə çıxarıb. “Ayaks”la oyunda məhsuldar ötürmə etdikdən sonra “səbir kasası” daşan Danko telekameraya serbcə nəsə qışqırıb. Sonradan məsələni aydınlaşdıranda məlum olub ki, Lazoviç öz doğma dilində baş məşqçisini ən ağır söyüşlərlə təhqir edib. Sabah Stevenslə ciddi söhbəti olacaq Lazoviçin klubdakı gələcək taleyinə aydınlıq gələcək. Klubun baş direktoru Yan Reker Lazoviçi mütləq cərimələyəcəklərini söyləyib. Danko ötən ildən şərəfini qoruduğu PSV-də 47 oyunda 17 qol vurub.
0