Rasim Kara istefa verdi - YENİLƏNİB
23.11.2008 - 20:28
Rasim Kara istefa verdi - YENİLƏNİB
Bu gün Lənkəran şəhər stadionunda keçirilən “Xəzər-Lənkəran” - “Qarabağ” matçı qalmaqala səbəb olub. Apasport.az saytının məlumatına görə, “Xəzər-Lənkəran” oyunun 54-cü dəqiqəsində qapısında qol buraxan kimi, yerli azarkeşlər baş məşqçi Rasim Karanı istefaya səsləyiblər.

69-cu dəqiqədə Zaur Ramazanovun ikinci qolu vurmasından sonra lənkəranlı futbol həvəskarları əsəblərini cilovlaya bilməyiblər. Onlar meydana kənar əşyalar tullayıb, müxtəlif üsullarla etirazlarını bildiriblər. Qarşılaşmanın gedişinə etiraz əlaməti olaraq, fanatlar 73-cü dəqiqədən etibarən tribunaları tərk etməyə başlayıblar.

Azarkeşlərin belə çılğınlığı “Xəzər-Lənkəran”ın son iki ev oyununda məğlub olması ilə əlaqədardır. Cənub komandası iki həftə öncə “İnter”ə 2:4 hesabı ilə uduzmuşdu. “Qarabağ”la oyun isə 1:3 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Rasim Kara “Xəzər-Lənkəran”ı bu ilin avqustundan çalışdırır. 2007-ci ilin yanvarından “Qarabağ”a rəhbərlik etmiş türkiyəli məşqçi cari mövsümün startında gözlənilmədən iş yerini Lənkərana dəyişmişdi.

“Qarabağ”la matçdan sonra təşkil olunan mətbuat konfransında Rasim Kara “Xəzər-Lənkəran”ın baş məşqçisi postundan istefa verib. Lakin Lənkəran klubunun rəhbərliyi onun istefasını qəbul etməyib və əcnəbi mütəxəssislə əməkdaşlığı davam etdirmək istədiyini bildirib.
0