“Rubin” “İnter”in arzusuna göz dikib
24.11.2008 - 10:18
“Rubin” “İnter”in arzusuna göz dikib
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin əsas favoritlərindən biri məlum olub. Apasport.az saytının məlumatına görə, uzun fasilədən sonra Rusiya çempionu bu yarışın iddialıları sırasında olacaq. Belə ki, tarixində ilk titulu qazanaraq ölkə çempionu olan Kazanın “Rubin” komandası Moskvada keçiriləcək turnirdə daha bir titul qazanmaq niyyətindədir.

“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”na barmaqarası münasibət bəsləyən sələflərindən fərqli, yeni çempion qış planlarında turnirə xüsusi yer ayırıb. Bununla da, kazanlılar bir çox komandalar üçün ikinci dərəcəli olan yarışın imicini də xilas etməyə çalışacaq.

Əvəzində “Rubin” daha nüfuzlu sayılan “Birinci kanalın” kubokuna qatılmayacaq. Rusiya və Ukraynanın ən güclü komandalarını cəlb etməklə, “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirini də zəiflədən bu yarışın təşkilatçıları gecikib. Belə ki, kazanlılar qış üçün hazırlıq planını tərtib etdikdən sonra aldıqları dəvəti müsbət dəyərləndirməyib.

Qeyd edək ki, rusiyalılar sonuncu dəfə 2005-ci ildə turnirin qalibi olub. Onda da əsas heyəti yarışa gətirməyi lazım bilməyən “Lokomotiv” çempion heyətin bir neçə oyunçusu hesabına finalda “Neftçi”ni udmaqla kuboku qazanmışdı.
0