Xodukin: Rəqiblər bizimlə oyunlarda nəsə yeni bir şey fikirləşməlidir!
24.11.2008 - 12:33
Xodukin: Rəqiblər bizimlə oyunlarda nəsə yeni bir şey fikirləşməlidir!
“Kim deyir ki, biz artıq qış çempionuyuq? Məgər bura “böyük beşlik”dir? Gəlin hadisələri qabaqlamayaq və növbəti turda rəqibimiz olan “Bakılı”ya hörmətsizlik etməyək. Zəif rəqibi hətta əvəzedici heyətlə udacağını deyən məşqçilərdən deyiləm”. Bunu apasport.az saytına açıqlamasında bir həftəlik fasilədən sonra Azərbaycan Premyer Liqasında liderliyi ələ keçirən Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

Komandaya ötən mövsüm tarixində ilk çempionluğu qazandıran 69 yaşlı ukraynalı mütəxəssis qış fasiləsinə də lider kimi yollanmaqla bağlı təbrikləri indidən qəbul etmir. Hadisələri qabaqlamağı tələsməyən Xodukin qış çempionluğunu mənəvi baxımdan üstünlük sayır: “Azərbaycan Premyer Liqasının lideri olmağımız görülən düzgün, məqsədyönlü işin bəhrəsidir. “Karvan” üzərində səfərdə qələbə qəlbimi qızdırdı. Söhbət təkcə qalib gəlməkdən yox, ağıllı futbol oynamağımızdan gedir. Arxada qalan müddətdə komandamızda, futbolçularımızda böyük irəliləyiş var. “İnter”lə sadə futbol oynamaq olmaz. Çünki futbolçularımız rəqibin oyununu əvvəldən oxumağı bacarır. Gərək “İnter”lə görüşdə nəsə yeni bir şey fikirləşəsən. Deməzdim ki, hazırda çempionluğa ən aşkar favoritik. Ciddi rəqiblərimiz var və çempion mayın sonunda bilinəcək. Təbriklər də həmin vaxt qəbul olunur”.

İlk dövrənin sonuna bir tur qalmasına baxmayaraq, “İnter”in baş məşqçisi heyətdəki dəyişiklərin hələ açıq qaldığını söyləyib. O, daha çox ehtiyatda qalan 35 yaşlı yarımmüdafiəçilər Valentin Belkeviç və Mahmud Qurbanovla bağlı fərqli fikirdədir: “Valentinin “Karvan”a qarşı oyunundan çox razı qaldım. Kiyevin “Arsenal” klubunun Belkeviçi istəməsi hələ o demək deyil ki, futbolçu ora gedəcək. Mahmud başqa kluba keçmək istəyirsə, bu, onun problemidir. Qurbanovun komandamızdakı gələcək taleyi ilə bağlı suala cavabım yoxdur”.

Ukraynalı mütəxəssis əsas heyətə düşməkdə çətinlik çəkən yığmamızın üzvləri Elvin Məmmədovla Cavid Hüseynova ustalıq səviyyələrini artırmağı tövsiyə edib: “Son turda ikinci hissədə meydana çıxan Cavid məhsuldar ötürmə versə də, oyun planında qüsurları çoxdur. Bu amillə bağlı Elvin Məmmədovla söhbətim olub. Bilirsiz, onların bu il həm yığmada, həm də klubdakı oyunu daha çox emosiyalar üzərində qurulub. Axı nə vaxta kimi belə futbol oynamaq olar? Oksigen qurtardığı halda, insana havanı necə vermək olar? Meydanda çox işləməklə, yalnız əzmkarlıqla iş bitmir. Gücü qorumaq, lazımı anda lazımı yerdə olmaq lazımdır”.
0