Araz Nəsirov: “Xəzər-Lənkəran” baş məşqçi axtarmır!
24.11.2008 - 12:44
Araz Nəsirov: “Xəzər-Lənkəran” baş məşqçi axtarmır!
“Rasim Kara “Qarabağ”la oyundan sonra baş məşqçi postundan istefa versə də, qəbul etməmişik”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Araz Nəsirov deyib.

Lakin Nəsirov Azərbaycan Premyer Liqasında ilk dövrənin son turunda Zaqatalada “Simurq”la keçirəcəyi oyuna “Xəzər-Lənkəran”ı məhz Karanın çıxaracağına dair qəti fikir bildirməyib. Onun sözlərinə görə, məsələ ilə bağlı tezliklə ictimaiyyətə açıqlama veriləcək: “Dünənki məğlubiyyətin baş məşqçimiz tərəfindən necə qarşılandığını anlatmağa gərək yoxdur. Ona görə də bütün mətbuatdan Karanın telefon zənglərinə cavab verməməsini anlayışlı qarşılamasını və bir qədər səbirli olmasını istərdim”.

Klub rəsmisi Ukrayna “Şaxtyor”undan ayrılacağı gözlənilən rumıniyalı mütəxəssis Mirça Luçeskunun türkiyəli mütəxəssisin əvəzinə baş məşqçi təyin olunacağı haqda xəbərlərə də münasibət bildirib. Nəsirov hazırda “Xəzər-Lənkəran”ın baş məşqçi axtarışlarına başlamadığını açıqlayıb.

Qeyd edək ki, Premyer Liqanın XII turunda “Xəzər-Lənkəran” öz meydanında Ağdam “Qarabağ”ına 1:3 hesabı ilə uduzub. Lənkəran klubu azarkeşlərinin istefa tələblərinə cavab olaraq, baş məşqçi Rasim Kara oyundan sonra öz köməkçiləri ilə birgə komandadan ayrıldığını açıqlayıb. Lakin rəhbərlik dərhal reaksiya verərək, onun istefasını qəbul etməyib. Hazırda “Xəzər-Lənkəran” 12 oyundan 25 xalla 5-ci pillədə qərarlaşıb.

Mənbə: lent.az
0