PFL iki kluba qadağa qoydu
24.11.2008 - 13:15
PFL iki kluba qadağa qoydu
“Turan” və “Bakılı” klublarının Peşəkar Futbol Liqasına (PFL) borcu var. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının autsayderlər qrupunda yer alan komandalar çempionatda iştirak üçün üzvlük haqqını tam ödəməyiblər. Belə ki, sifariş vərəqinə iki legioner daxil edən “Turan” bu oyunçular üçün ödəməli olduğu 40 min manatı, “Bakılı” isə 6 əcnəbi üçün 120 min manatı PFL-in hesabına keçirməyib.

Paul Akpan və Antoni Fouyenin iştirak ərizəsinə daxil edildiyi gündən həmin məbləği hissə-hissə ödəməyə söz verən tovuzlular bu futbolçuların xidmətindən mütəmadi yararlanıb. Elə “Bakılı” da Abdulkadir Öz, Aleksis Mihalidis, Haris Komesidis, Şota Cişkariani, David Kokaşvili və Kaxa Çxetianinin xidmətinə ehtiyac duyurdu. Lakin birinci dövrənin sonuna bir tur qalsa da, nə “Turan”, nə də “Bakılı” qurumla tam hesablaşıb.

Elə bu səbəbdən çempionatın təşkilatçıları legionerlərin son iki turda iştirakına qadağa qoyub. Tovuzlu legionerlər “Bakı”, “Bakılı”nın gəlmə oyunçuları isə “Neftçi” ilə qarşılaşmanı buraxmalı olub. Onların üzvlük haqqı ödənilməyəcəyi halda, legionerlər XIII turun matçını da kənardan izləməli olacaq. Bu isə onlar üçün birinci dövrənin bitməsi deməkdir.

PFL-in prezidenti Ramin Musayev bu klubların hissə-hissə ödəməyə söz verdikləri məbləğin heç bir hissəsini də qurumu hesabına keçirmədiyini qeyd edib: “Nə ödəyiblər ki? “Turan” da, “Bakılı” da üzvlük haqqını ödəyə bilmir. Legioner futbolçular üçün ödənəcək məbləğin hamısı qalır”.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada Akpan 11, Fouye, Kokaşvili, Çxetiani, Cişkariani 8, Komesidis 6, Öz 5, Mixailidis 2 oyun keçirib.
0